Sınaq imtahanlarına cəlb olunacaq nəzarətçilər müəyyənləşib

Sınaq imtahanlarına cəlb olunacaq nəzarətçilər müəyyənləşib Nəzarətçi kimi özünü doğruldan müəllimlər test imtahanlarına cəlb olunacaqlar
Elm və təhsil
6 Mart , 2015 22:40
Sınaq imtahanlarına cəlb olunacaq nəzarətçilər müəyyənləşib

Bakı. 6 mart. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən imtahanlara zal nəzarətçisi qismində cəlb olunması nəzərdə tutulan müəllimlər üçün keçirilən treninqlər başa çatıb. Bu barədə "Report"a TDQK-dan məlumat verilib.

Yanvarın 26-dan başlayan treninqlər martın 5-də yekunlaşıb. TQDK-nın mərkəzi aparatının və regional bölmələrinin əməkdaşları tərəfindən keçirilən treninqlər respublikanın bütün şəhər və rayonları üzrə 2143 təhsil müəssisəsini əhatə edib.

Treninqlərdə Bakı, Sumqayıt və Abşeronun orta ümumtəhsil müəssisələrindən 4574, TQDK-nın Naxçıvan MR Regional Bölməsi üzrə 673, Gəncə Regional Bölməsi üzrə 1901, Lənkəran Regional Bölməsi üzrə 1495, Xaçmaz Regional Bölməsi üzrə 836, Şəki Regional Bölməsi üzrə 1125, Şirvan Regional Bölməsi üzrə 1174, Göyçay Regional Bölməsi üzrə 1234, Ağcabədi Regional Bölməsi üzrə 1166 müəllim iştirak edib. İmtahan prosedurlarının daha səmərəli izahını təmin etmək üçün məşğələlər 25-30 nəfərlik qruplarla keçirilib.

Nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilib, imtahanın gedişi ilə bağlı prosedur qaydaları izah edilib, rast gəlinən hallar və onların həlli yolları sorğu-suallar vasitəsilə interaktiv şəkildə təhlil edilib. Treninqlərdə nəzarətçi-müəllimlərin sualları cavablandırılıb, şəxsi anket məlumatları dəqiqləşdirilib.

İştirakçılar (xüsusən ilk dəfə cəlb olunan nəzarətçilər) TQDK tərəfindən aprel ayından keçiriləcək sınaq imtahanlarına cəlb olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər test imtahanlarına cəlb olunacaqlar.

Son xəbərlər

Orphus sistemi