Şamaxı rayon Təhsil Şöbəsinin fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb

Şamaxı rayon Təhsil Şöbəsinin fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb ​Dövlət büdcəsindən Şamaxı rayon Təhsil Şöbəsinə ayrılan vəsaitlərin icrası yoxlanılıb
Elm və təhsil
21 Yanvar , 2016 20:13
Şamaxı rayon Təhsil Şöbəsinin fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb

Bakı. 21 yanvar. REPORT.AZ/ Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilmiş növbəti Kollegiya iclasında dövlət büdcəsinin yerli xərclərindən Şamaxı rayon Təhsil Şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası ilə bağlı həyata keçirilmiş auditin nəticələri müzakirə edilib.

"Report"un Palataya istinadən verdiyi xəbərə görə, şöbənin fəaliyyətində bir sıra qanun pozuntuları aşkar edilib.

Auditor Şamaxı rayon Təhsil Şöbəsi (TŞ) tərəfindən tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi nəticəsində artıq əmək ödənildiyini, siniflər üzrə şagirdlərin sıxlığının gözlənilməməsini diqqətə çatdırıb. Həmçinin işçilərin əmək haqqından müvafiq tutulmalar aparılarkən mövcud qanunvericiliyin tələblərinin gözlənilməməsi qeyd olunub. Eyni zamanda, xərclər smetasında nəzərdə tutulmayan, həmçinin TŞ-nin funksional fəaliyyəti ilə birbaşa əlaqəsi olmayan istiqamətlərə vəsait xərcləndiyi diqqətə çatdırılıb.

TŞ tərəfindən malların (işlərin və xidmətlərin) satınalınması zamanı qüvvədə olan qanunvericilik aktlarının tələblərinə bir sıra hallarda əməl edilmədiyi, o cümlədən tender təkliflərinin təqdim edilməsindən əvvəl malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğunun müəyyənləşdirilmədiyi, müvafiq sənədləşdirmələr aparılaraq protokolların tərtib edilmədiyi, tenderin əsas şərtlər toplusunun hazırlanmadığı, satınalma proseduru tətbiq edilmədən vəsait xərc edildiyi bildirilib.

Auditor audit obyekti tərəfindən bəzi hallarda ödənilmiş vəsait müqabilində mal- material qiymətlilərinin tam alınmadığını və vəsaitin birbaşa xərcə silindiyini, mal-material qiymətlilərinin paylanmasının uçotunun, ümumiyyətlə mühasibat uçotunun təşkili və aparılması zamanı ciddi nöqsanlara yol verildiyini qeyd edib.

Bildirilib ki, pedaqoji işçilərin əmək haqqına əlavələrin hesablanılması, siniflərin komplektləşdirilməsi, ümumtəhsil məktəblərinin rəhbər işçilərinə normadan artıq dərs tarifləşdirilməsi, büdcə vəsaitlərindən istifadə zamanı mövcud qanunvericilik aktlarının tələblərinə riayət edilməsi, tələbatdan artıq xərclərə yol verilməməsi, vəsaitlərin ciddi olaraq yalnız təyinatı üzrə istifadəsi istiqamətində Təhsil Şöbəsinin fəaliyyətinin gücləndirilməsi zəruridir.

Nəzarət tədbirinin nəticələri üzrə Kollegiya Qərarının layihəsi də müzakirə edilmiş və səsə qoyularaq qəbul olunub. Kollegiya Qərarında əmək haqqının hesablanılması və ödənilməsi zamanı qanunvericiliyin pozulmasına görə artıq ödənilmiş vəsaitin məsul şəxslər tərəfindən müvafiq qaydada dövlət büdcəsinə bərpa olunduğu nəzərə alınıb. Müəyyən edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Qərar Təhsil Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti və Şamaxı rayon Təhsil Şöbəsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi