Bakı. 16 fevral. REPORT.AZ/ “ Sabahın alimləri” VII Respublika Müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
"Report" xəbər verir ki, tədbirdə çıxış edən təhsil naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Ceyhun Bayramov şagirdlərin elmi yaradıcılığına həsr olunan müsabiqəyə bu il təqdim edilən layihələrin daha innovativ və yaradıcı olduğunu bildirib.
O, 7 il ərzində müsabiqənin uğur qazandığını deyərək qeyd edib ki, bu illərdə müsabiqədə, ümumilikdə, 1187 nəfər iştirak edib. Onlardan 549 nəfəri qızlar, 638 nəfəri isə oğlanlar olub.
C.Bayramov vurğulayıb ki, şagirdlərin sonrakı nailiyyətləri Təhsil Nazirliyi tərəfindən təhlil edilərək müəyyənləşdirilib: "Məlum olub ki, tədqiqatla məşğul olan şagirdlər təhsildə də böyük uğurlar qazanır, yüksək balla ölkəmizin ali təhsil müəssisələrinə və ya xarici ölkələrin tanınmış universitetlərinə qəbul olunaraq təhsillərini uğurla davam etdirirlər".
Tədbirdə qeyd olunub ki, bu il 79 şagird tərəfindən hazırlanan 46 layihə münsiflər heyəti tərəfindən seçilib. I yerə 12 şagird (7 layihə), II yerə 28 şagird (15 layihə), III yerə 39 şagird (24 layihə) layiq görülüb. Əvvəlki illərdən fərqli olaraq, bu il münsiflər heyətinin tərkibinə fransalı mütəxəssis də cəlb olunub.
Sonra 8 nominasiya üzrə seçilən qaliblər təltif olunub.
Daha sonra bu ilin may ayında ABŞ-da keçiriləcək İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək 3 layihə müəlliflərinin adları açıqlanıb.
Qaliblərə diplom, medal və pul mükafatı təqdim olunub.
Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Prezident yanında Bilik Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilir.