Sabahdan müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizələrin qəbulu başlayır

Sabahdan müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizələrin qəbulu başlayır Bu il müsabiqəyə 8000-dən çox vakant yer çıxarılıb
Elm və təhsil
30 İyun , 2017 15:49
Sabahdan müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizələrin qəbulu başlayır

Bakı. 30 iyun. REPORT.AZ/ Sabahdan Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə götürülməsi üzrə müsabiqəyə elektron ərizələrin qəbulu başlayır.

“Report”un məlumatına görə, ərizələrin qəbulu iyulun 14-nə qədər davam edəcək.

Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir.

Bu il müsabiqəyə 8000-dən çox vakant yer çıxarılıb. Hazırda vakant yerlərin böyük hissəsi ibtidai sinif, texnologiya, təsviri incəsənət ixtisası üzrədir. Azərbaycan dili və ədəbiyyat, ingilis dili ixtisasları üzrə müəllim ixtisaslarında şəhər məktəblərində sıxlıq olduğu üçün bu ixtisaslardan vakant yerlər daha az olacaq.

Qeyd edək ki, bu il ilk dəfə olaraq Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi nazirlik tərəfindən həyata keçirilib. Beləliklə, əvvəllər vakant yerlərin sayı barədə məlumat yerlərdən nazirliyə daxil olurdusa, bu ildən həmin yerlər nazirlikdəki komissiyada müəyyən edilib.

Xatırladaq ki, 2017-2018-ci tədris ilinə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqənin təşkili və keçirilməsi yeni qaydalarla həyata keçiriləcək. “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nda əksini tapan həmin dəyişikliklərə əsasən, müsabiqəyə qatılan müəllimlərin işə qəbul üçün iştirak etdiyi test imtahanının nəticələri bir il sonra da qüvvədə olacaq. Həmin nəticələrə görə keçid balı toplayan, lakin yerləşdirilməyən müəllimlər növbəti il müsabiqəyə imtahansız qatılacaq. O cümlədən, ötən il test imtahanlarında iştirak edənlər də həmin nəticələrlə builki müsabiqəyə qatıla biləcəklər.

Bu ildən peşə liseylərində ümumtəhsil fənləri üzrə vakant olan yerlərə müəllimlərin işə qəbulu da mərkəzləşdirilmiş imtahanlarla həyata keçiriləcək. Həmin imtahanlarda iştirak edərək müvafiq keçid balı toplayanlar Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən müsahibəyə dəvət olunacaq və müsahibədən keçənlər peşə təhsili müəssisələrində işə götürüləcəklər. 

Son xəbərlər

Orphus sistemi