Yuxarı

S.C.Pişəvari adına Gimnaziya beynəlxalq olimpiadanın qalibi olub - VİDEO

S.C.Pişəvari adına Gimnaziya ​ADA-da keçirilən beynəlxalq olimpiadada

Təhsil Nazirliyi, Mars Academy və ADA Universitetinin təşkilatçılığı ilə FIRST LEGO LEAGUE (FLL) – STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) əsaslı 10-16 yaşlı məktəblilər arasında robot texnologiyaları beynəlxalq olimpiadası keçirilib. 

Universitetdən "Report"a verilən məlumata görə, turnirin bu ilki mövzusu kosmosa həsr olunub və “Into Orbit” adlanıb.

Yarışa ölkə üzrə 30 məktəbdən ən güclü komandalar qatılıb.

Şagirdlər “Əsas dəyərlər”, “Robot dizaynı”, “Layihə təqdimatı” və “Robot oyunu” adlı 4 kateqoriya üzrə yarışıblar. Həmin kateqoriyalar üzrə qiymətləndirmə isə Türkiyədən dəvət olunan beynəlxalq ekspertlər və ADA Universitetinin müəllimləri tərəfindən aparılıb.

ADA Universitetindən bildirilib ki, yarışda iştirak edən komandalar hamısı güclü, biri-birinə rəqib və dostluq şəraitində yarışıblar. Bu komandalardan biri də S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının "Mübarizlər" komandası olub. Layihənin rəhbəri Sona Həmzəyeva, onun köməkçisi Kərim Kərimovdur. Komandada Fərid Seyidov, Səid Nağıyev, Sənan Fərzəlizadə, Nizami Məmmədov, Rauf İmaməliyev, Cavanşir Qurbanov təmsil olunub. 

"Mübarizlər" komandası dörd kateqoriya üzrə yarışa tam hazır olduqları üçün yüksək nəticə göstərərək turnirin qalibi olub. Bakı Modern məktəbinin komandası da yarışda qalib gəlib.

Kuboku komandaya Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov təqdim edib.

Hər 2 komanda üzvləri "Yaşıl Mars" layihəsini həyata keçirəcək ən yaxşı robotları proqramlaşdıraraq Azərbaycanı mayın 22-dən 25-dək Türkiyə Açıq Beynəlxalq Çempionatında təmsil edəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi