Yuxarı
    Bağlamaq

    Rumıniyanın təhsil nazirinin müavini: "Azərbaycan ali məktəbləri ilə əməkdaşlıq haqqında bir sıra sazişlər imzalayacağıq"

    Rumıniya və Azərbaycan universitetləri arasında güclü və hərtərəfli əlaqələr var

    Bakı. 23 may. REPORT.AZ/ "Rumıniya və Azərbaycan universitetləri arasında güclü və hərtərəfli əlaqələr var. Hesab edirəm ki, hələ də təhsil sahəsində ikitərəfli, qarşılıqlı faydalı layihələrin inkişafı üçün potensial mövcuddur. Bu əməkdaşlıq çərçivəsi Avropa İttifaqının "Erasmus+" və "Şərq Tərəfdaşlığı" kimi proqramları hesabına daha da genişlənir. Bu proqramlar ölkələrimiz arasında münasibətlərin dərinləşməsi üçün imkanlar təklif edir".

    Bu sözləri "Report" agentliyinə müsahibəsində Rumıniyanın təhsil və elmi araşdırmalar nazirinin müavini Qiqel Paraskiv deyib.

    "İyun ayında ikitərəfli əlaqələrin qurulmasının 25 illiyi tamam olacaq. Bu, tərəfdaşlığımızı dərinləşdirməyin perspektivlərinə diqqət ayırmaq üçün yaxşı səbəbdir. Bakıya səfərimiz təhsil sahəsində artan siyasi marağımızı vurğulamaq və gələcək əməkdaşlıq üçün imkanlar axtarışını həyata keçirmək üçün fürsət olacaq", - deyə o bildirib.

    Nazir müavini son illərdə Azərbaycan ali məktəblərinin əməkdaşlıq yaratmaq və elmi layihələr həyata keçirmək baxımından marağının artdığını müşahidə etdiyini və bu faktın onu çox sevindirdiyini vurğulayıb.

    Onun sözlərinə görə, mayın 24-25-də Bakıda keçiriləcək Rumıniya-Azərbaycan Təhsil Forumu dinamik inkişaf edən əmək bazarına uyğunlaşmaq məqsədilə ölkələrimizdə təhsil sistemlərinin islahatı sahəsində təcrübə mübadiləsi üçün əla fürsətdir.

    "Qarşıdakı səfər zamanı universitetlərimiz və Azərbaycan təhsil ocaqlarıyla akademik mobillik, təcrübə mübadiləsi və müxtəlif sahələrdə təlim metodları ilə bağlı əməkdaşlığa dair bir sıra sazişlər imzalayacaq. Təhsil nazirliklərimiz arasındakı əməkdaşlığa həmçinin Rumıniyada təhsil almaq istəyən azərbaycanlı tələbələrə təqaüd verilməsi daxildir. Biz hər il Azərbaycandan namizədlərin qəbulunu həyata keçiririk və onlar Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi və İqtisadiyyat Nazirliyində təqaüd alır. Azərbaycan vətəndaşlarının təqaüdə artan marağını görməyə, eləcə də universitetlərimiz arasında yeni tərəfdaşlıq əlaqələrinin yaradılmasına görə şadıq. Bütün bunlar tələbə və müəllimlər üçün yeni imkanlar yaradır", - nazir müavini bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi