Yuxarı
    Bağlamaq

    Rumıniya səfiri Bakı Ali Neft Məktəbində təqdimatla çıxış edib

    Səfir vurğulayıb ki, Azərbaycan kimi, Rumıniya da bərpaolunan və alternativ enerji mənbələrinin istifadə olunması sahəsində səylər göstərir

    Bakı. 25 yanvar. REPORT.AZ/ Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin rəhbərliyi, professor-müəllim heyəti, tələbələri və əməkdaşları ilə görüşərək təqdimatla çıxış edib.

    Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    BANM-in rektoru Elmar Qasımov qeyd edib ki, səfirin Ali Məktəbdəki görüşü Rumıniya tarixi üçün əhəmiyyətli vaxtda baş tutur: “Yanvarın 24-də müasir Rumıniya dövlətinin yaranması günüdür”. Rektor səfiri bu münasibətlə BANM-in adından təbrik edib.

    Səfir Dan İanku BANM-in rektoru Elmar Qasımova öz təşəkkürünü bildirərək, Azərbaycana səfir təyin olunandan sonra üç ay ərzində Ali Məktəbə artıq ikinci dəfə gəldiyini xatırladıb.

    Səfir öz təqdimatında 24 yanvar 1859-cu il tarixinin müasir Rumıniya dövlətinin yaranması günü olduğunu bildirib və bu tarixin Rumıniya üçün əhəmiyyəti haqqında danışıb. D.İanku ölkəsinin tarixi, xüsusilə neft sənayesinin inkişafı haqqında məlumat verib. O, Rumıniyanın 19-cu əsrdən başlayaraq neft çixarma və emalı tarixindən söz açıb.

    Səfir vurğulayıb ki, Azərbaycan kimi, Rumıniya da bərpaolunan və alternativ enerji mənbələrinin istifadə olunması sahəsində səylər göstərir. Rumıniya ilə Azərbaycan arasında əlaqələrin inkişafından söz açan səfirin sözlərinə görə, Azərbaycanla əməkdaşlığı çoxsaylı istiqamətlərdə daha da möhkəmləndirməkdə maraqlıdırlar və BANM-ə Rumıniya universitetləri ilə tərəfdaş əlaqələrin qurulmasında dəstək göstərməyə hazırdırlar.

    Görüşün sonunda səfir suallara cavab verib.

    Tədbirdə, həmçinin Rumıniyanın Azərbaycandakı səfirliyinin müşaviri Çiprian Mirika və səfirin nümayəndəsi Elmina Zeynalova iştirak ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi