​Rövnəq Abdullayev Marneulidə orta məktəbin açılışını həyata keçirib

​Rövnəq Abdullayev Marneulidə orta məktəbin açılışını həyata keçirib Məktəb SOCAR-ın Gürcüstan nümayəndəliyinin xeyriyyə layihəsi çərçivəsində təmir olunub
Elm və təhsil
4 Mart , 2016 16:38
​Rövnəq Abdullayev Marneulidə orta məktəbin açılışını həyata keçirib

Tbilisi. 4 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Gürcüstan hökumətinin nümayəndələri və qonaqlarla birlikdə Marneuli rayonunun Lejbəddin kəndindəki orta məktəbin açılışını həyata keçirib.

"Report" xəbər verir ki, 2015-ci ildə SOCAR-ın Gürcüstan nümayəndəliyi xeyriyyə layihəsi çərçivəsində azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun Lejbəddin kəndindəki orta məktəbdə tikinti-yenidənqurma işlərinə başlayıb.

Təmir işləri 2015-ci il iyulun 10-da başlayıb və dərs ilinin başlanmasına qədər (15.09.2015) yekunlaşıb.

Məktəb ikimərtəbəlidir. Təmirə qədər ümumi sahəsi 720 kvadratmetr olan təhsil müəssisəsi yenidənqurma işlərindən sonra 960 kvadratmetr sahəyə malik olub. Nəticədə təmirdən sonra hər mərtəbənin sahəsi 240 kvadratmetr artıb. Məktəbdə 19 sinif otağı (əvvəl 13 olub), kitabxana, müəllimlər otağı, yeməkxana, direktorun kabineti və informatika otağı var. Bu məktəbdə təqribən 130 şagird təhsil alır.

Lejbəddin kəndindəki orta məktəb istilik sistemi, santexnika və elektrik işləri, eləcə də su təchizatı ilə tam təchiz edilib. Bundan əlavə, məktəbin həyəti yenidən qurulub, futbol meydançası (tor, stul) salınıb, kənddə yaşamış Böyük Vətən müharibəsi veteranları qurbanlarının, eləcə də Dağlıq Qarabağ müharibəsində həlak olmuş Azərbaycanın Milli Qəhrəmanı Cəlil Əziz oğlu Səfərovun xatirəsinə ucaldılmış abidədə yenidənqurma işləri aparılıb.

Son xəbərlər

Orphus sistemi