Yuxarı

Rezidenturada təhsil almaq istəyən şəxslər üçün ərizə qəbulunun tarixləri açıqlanıb

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası məlumat yayıb

Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycanda rezidenturada təhsil almaq istəyən şəxslər üçün ərizə qəbulu başlanır. Bu barədə “Report”a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bldirilib.

Rezidentura səviyyəsinə keçiriləcək qəbul imtahanında iştirak etmək üçün namizədlərin ərizələrinin qəbulu internet vasitəsi ilə 2015-ci ilin fevralın 16-dan 23-dək aparılacaq.

Namizəd şəxsiyyət vəsiqəsinin seriyasından, nömrəsindən və PİN kodundan və “TQDK-nın virtual ödəmə kartı”nda göstərilən iş nömrəsi və şifrdən istifadə etməklə TQDK-nın müvafiq internet səhifəsinə (eservices.tqdk.gov.az/erizerez/erize) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurmalıdır.

Virtual ödəmə kartını internet ödəmə və ya bütün mobil operatorlardan 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar.

Namizədlər ərizələrini təsdiq etdirmək üçün fevralın 16-dan 23-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 9.00-dan 17.00-dək SQK-ya tələb olunan sənədlərin əslini şəxsən təqdim etməlidirlər.

Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq namizədin qəbul proqramı əsasında baza fənləri, ikinci mərhələdə isə onun ixtisas fənləri üzrə bilikləri yoxlanılır.

İmtahanın I mərhələsi martın 15-də, II mərhələsi iyulun 7-də keçiriləcək.

İkinci mərhələyə imtahanın birinci mərhələsində topladığı bal 40-dan az olmayan namizədlər buraxılırlar.

Namizədlərə hər mərhələdə ayrılıqda 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun balına) təsir göstərmir.

Hər bir mərhələdə imtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

Qəbul imtahanı Bakı və Naxçıvan şəhərlərində keçirilir. Naxçıvan şəhərində Naxçıvan MR-də yaşayan namizədlər imtahan verirlər.

İmtahanda iştirak etmək üçün namizəd martın 12-dən 14-dək olan müddətdə imtahanın birinci mərhələsi üçün, iyulun 4-dən 6-dək olan müddətdə isə imtahanın ikinci mərhələsi üçün “Namizədin imtahana buraxılış vərəqəsi”ni eservices.tqdk.gov.az/brxvrez internet səhifəsindən çap edib götürür.

Namizədlər imtahana gələrkən “Namizədin imtahana buraxılış vərəqəsi”ni və şəxsiyyəti təsdiq edən sənədin əslini mütləq özləri ilə gətirməlidirlər. İmtahanın vaxtı və yeri “Namizədin imtahana buraxılış vərəqəsi”ndə göstərilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi