Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırılıb

Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırılıb Bakı. 15 may. REPORT.AZ/ Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Elm və təhsil
15 May , 2018 17:04
Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırılıb
Report
0 : 00
0 : 00

Bakı. 15 may. REPORT.AZ/ Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, təhsil müəssisələrinin rəhbərləri, münsiflər heyətinin sədrləri və üzvləri, olimpiada qalibləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Respublika fənn olimpiadaları iştirakçılarının fikirləri, vaxtilə olimpiadalara qatılmış, hazırda dünyanın müxtəlif ölkələrində elmi fəaliyyətlə məşğul olan həmyerlilərimizin təbriklərinin yer aldığı videoçarx nümayiş olunub.

Mərasimdə Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayev Respublika fənn olimpiadalarının nəticələrinin analitik təhlili ilə bağlı təqdimatla çıxış edib. Bildirib ki, olimpiadanın nəticələrinə görə 45 nəfər qızıl, 89 nəfər gümüş, 142 nəfər bürünc olmaqla, ümumilikdə,  276 nəfər qalib elan olunub.

Olimpiada qaliblərini təbrik edən təhsil naziri Ceyhun Bayramov 33 mindən çox şagirdin iştirak etdiyi Respublika fənn olimpiadalarının artıq adi yarış deyil, elm və bilik hərəkatına çevrildiyini vurğulayıb.

Nazir qeyd edib ki, bu il Respublika fənn olimpiadalarında əldə edilən 298 medalın 157-si Bakı, 141-i isə digər bölgələrin payına düşür. Ümumilikdə, Azərbaycanın 50 müxtəlif bölgəsində təhsil alan şagirdlər olimpiadanın qalibləri sırasına düşüb.

Beynəlxalq olimpiadalarda nəticələrin ildən-ilə yaxşılaşdığını və qısa müddətdə böyük nailiyyətlərin əldə edildiyini vurğulayan təhsil naziri bildirib ki, Azərbaycan məktəbliləri 1994-cü ildən beynəlxalq olimpiadalarda 314 medal qazanıb. Son 5 il ərzində isə məktəblilər 3 qızıl, 21 gümüş və 85 bürünc medal olmaqla, ümumilikdə, 109 medal qazanıblar. Bu da müstəqillik dövründə qazanılmış bütün medalların, təxminən, 35 faizi edir.

Tədbirin sonunda olimpiada qaliblərinə mükafatlar təqdim edilib.

Qeyd edək ki, Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla, 8 fənn üzrə IX, X və XI sinif şagirdlərin iştirakı ilə keçirilib. Bu mötəbər yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdlərindən də IX siniflərlə bərabər öz bilik və bacarığını nümayiş etdirən şagirdlər olub.

Son xəbərlər

Orphus sistemi