Yuxarı

​Respublika fənn olimpiadalarının final mərhələsinə start verilib

Final mərhələdə 480 şagird iştirak edir

Bakı. 18 aprel. REPORT.AZ/ Bu gün Respublika fənn olimpiadalarının final mərhələsinin açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, şagirdlərin müxtəlif fənlərə olan marağının artırılması və istedadlıların üzə çıxarılmasından ibarət olan fənn olimpiadalarının final mərhələsində Azərbaycanın 58 müxtəlif şəhər (rayon) məktəblərindən 480 şagird iştirak edir.

Bu il fənn olimpiadalarının keçirilməsində bir sıra yeniliklər tətbiq olunub. Belə ki, bu il olimpiada fənnləri sırasına coğrafiya da əlavə olunub. Eləcə də, əvvəlki illərdən fərqli olaraq, yoxlamada şəffaflığı və ədalətli qiymətləndirməni təmin etmək üçün olimpiada sualları açıq şəkildə deyil, ilkin mərhələdə test sınağı formasında tətbiq olunub.

Əvvəlki illərdən fərqli olaraq, bu il fənn olimpiadaları üç mərhələdə keçirilib. Olimpiadanın I – rayon (şəhər) mərhələsində 8 fənn üzrə 22000 şagird iştirak edib. 3700 şagirdin iştirakı ilə bu ildən ilk dəfə olaraq keçirilən yarımfinal mərhələsi Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki, Mingəçevir, Lənkəran, Şamaxı, Ağdaş, Xaçmaz və Naxçıvanda yerləşən 11 mərkəzdə təşkil olunub. Yalnız bundan sonra finalçılar müəyyənləşdirilib.

Final mərhələsində iştirak edən şagirdlərin 240 nəfəri mükafatçılar sırasına daxil olacaq. Bununla yanaşı, ilk dəfə olaraq, iştirakçılar arasında hər fənn üzrə “birincilərin birincisi” nominasıyası üzrə qalib müəyyənləşdiriləcək və beynəlxalq fənn olimpiadalarında iştirak edəcək namizəd şagirdlər seçiləcək.

İstedadlı uşaqların aşkara çıxarılmasında olimpiadalar müstəsna əhəmiyyətə malikdir. Bunu nəzərə alaraq, Respublika fənn olimpiadaları şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi