Yuxarı

Azərbaycanda repetitorluqla məşğul olan müəllimlərlə məktəb arasında müqavilə imzalanacaq

Azərbaycanda repetitorluqla məşğul olan müəllimlərlə məktəb arasında müqavilə imzalanacaq 2123
İdarə müdiri: Hansısa ümumi təhsil müəssisəsinin gələcəkdə özəlləşdirilməsi məsələsi hazırda aktual deyil

Bakı. 6 dekabr. REPORT.AZ/ "Hansısa ümumi təhsil müəssisələrinin gələcəkdə özəlləşdirilməsi məsələsi hazırda aktual deyil".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

İdarə müdirinin sözlərinə görə, uşaqların təhsilinin əlçatan olması baxımından dövlət məktəblərinin qalması daha məqsədə uyğundur: "Odur ki, gündəmdə hələlik belə bir məsələ yoxdur. Bəlkə gələcəkdə bu məsələyə baxıla bilər".

M.Vəliyeva qeyd edib ki, gələcəkdə Bakıda repetitorluqla məşğul olan müəllimlərlə məktəb arasında fəaliyyət müqavilələrinin imzalanması nəzərdə tutulur.

O bildirib ki, bu ilin iyul ayında Nazirlər Kabineti məktəblərdə hüquqi və fiziki şəxslərlə birgə fəaliyyət müqavilələrinin bağlanması ilə bağlı qərar verib. Onun sözlərinə görə, həmin qərara əsasən, təhsil idarəsi hər hansı fiziki və hüququ şəxslə və ya üçüncü tərəf olaraq məktəblə birgə fəaliyyət haqqında müqavilə imzalaya bilər: “Bu müqavilə çərçivəsində təhsil sisteminə uyğun olan fəaliyyətlərin həyata keçirilməsinə icazə verilir. Repetitorluqla məşğul olan müəllimlərin məsələsinə gəlincə, bununla bağlı konkret məqsəd qarşıya qoyulmayıb. Amma yaxın gələcəkdə bununla bağlı birgə fəaliyyət müqavilələrin imzalanması yəqin ki, müəllimlərə də şamil olunacaq”.

M.Vəliyeva əlavə edib ki, yeni tədris ilindən məktəblərin işinə zidd olmayan fəaliyyətlər, müxtəlif idman, yaradıcılıq dərnəkləri təşkil edilib. Bu istiqamətdə artıq hüquqi və fiziki şəxslər tərəfindən idarəyə müraciətlərin olunduğunu deyən M.Vəliyevanın sözlərinə görə, hazırda müqavilələr imzalanıb və fəaliyyətə başlanılıb: “Valideynlərin əlavə ödənişləri hesabına şagirdlərə məktəblərdə əlavə xidmətlər göstərilir. Xidmətlərin qiymətləri idarə tərəfindən müəyyənləşdirilir. Xidmət zamanı məktəbin yerləşdiyi ərazi, sahə, müəssisənin ümumi vəziyyəti, fəaliyyətinin növü nəzərə alınır. Bunlara əsasən qiymətlər fərqli olur”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi