Yuxarı
    Bağlamaq

    Rektor: "​Ukrayna DİN-in Xarkov Milli Universiteti Azərbaycanla əməkdaşlıqda maraqlıdır"

    Sofi-Group Ltd MMC-nin dəvəti ilə Bakıya gələn rektor mətbuat konfransı keçirib

    Bakı. 11 iyul. REPORT.AZ/ Ukrayna Daxili İşlər Nazirliyinin Xarkov Milli Universitetinin rektoru, polis polkovniki, hüquq elmləri doktoru Sokurenko Valeriy Vasilyeviç və həmin universitetin hüquq və ictimai əlaqələr fakültəsinin dekanı, hüquq elmləri doktoru Sinequbov Oleq Vasilyeviç Azərbaycanda səfərdədir. 

    "Report" xəbər verir ki, Sofi-Group Ltd MMC-nin dəvəti ilə Bakıya gələn rektor və dekan iyulun 11-də Beynəlxalq Mətbuat Mərkəzində (BMM) mətbuat konfransı keçirib. 

    Mətbuat konfransını giriş sözü ilə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) sədri Səbuhi Abbasov açıb.

    O, Azərbaycan və Ukrayna arasında bütün sahələrdə geniş əməkdaşlıq olduğunu bildirib. Təhsil sahəsində də Azərbaycanın Ukrayna ilə yaxından əməkdaşlıq etdiyini vurğulayan S.Abbasov Ukraynanın ali məktəbləri ilə Azərbaycan universitetləri arasında qarşılıqlı əlaqələrin olduğunu vurğulayıb.

    Ukrayna Daxili İşlər Nazirliyi Xarkov Milli Universitetinin rektoru V.Vasilyeviç Azərbaycanla Ukrayna xalqlarının ortaq tarixindən danışıb. Dağlıq Qarabağ münaqişəsinə toxunan rektor bu problemin ədalətli həllində Ukraynanın Azərbaycanın yanında olduğunu bildirib.

    Daha sonra universitet haqqında məlumat verən V.Vasilyeviç bildirib ki, müasir dünyada baş verən müxtəlif terror aktları bir daha sübut edir ki, bu cür hallara qarşı mübarizə apara biləcək yaxşı təhsil almış kadrlara, təhlükəsizlik qüvvələrinə böyük ehtiyac var: "Bizin universitet belə kadrlar hazırlaya bilir. Ukrayna Daxili İşlər Nazirliyi Xarkov Milli Universiteti dövlət universitetidir. Ali təhsil ocağı 1994-cü ildə yaradılıb. 2001-ci ildə isə milli statusunu alıb. Universitetdə tələbələrin təhsili ilə 62 elmlər doktoru, 46 professor, 357 elmlər namizədi, 178 dosent məşğul olur. 6 fakültənin olduğu universitetdə 32 kafedra mövcuddur".

    Rektor bildirib ki, universitetdə yüksək səviyyəli kadrlar yetişdirilməsi üçün hər cür şərait yaradılıb. O, universitetin ABŞ, Polşa, Belarus, Fransa, Almaniya kimi ölkələrin polis sahəsi üzrə ixtisaslaşmış ali məktəbləri ilə yaxından əmkdaşlıq etdiyini bildirib: "Biz Azərbaycanın təhsil müəssisələri ilə də əməkdaşlıqda maraqlıyıq".

    Daha sonra universitet haqqında məlumatı əks etdirən filim nümayiş olunub, iştirakçıların sualları cavablandırılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi