Yuxarı

​Rektor: “Lazımi elmi şərait yaradılarsa, azərbaycanlı alimlər Nobel mükafatı ala biləcəklər”

“Bunun üçün Azərbaycanın elmi potensialı böyükdür”


Bakı. 10 noyabr. REPORT.AZ/ “Son illər Azərbaycan alimləri yüksək nailiyyətlər əldə ediblər”. “Report”un xəbərinə görə, bunu bu gün Bakı Elm Festivalının açılış mərasimindəki çıxışında təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

Nazir müavininin sözlərinə görə, Azərbaycan elminin maddi-texniki bazası daha da təkmilləşdirilib: “Elm və təhsilin vəhdət təşkil etməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Təhsil sistemi elmin nailiyyətlərini açıqlamalıdır”.

O həmçinin bildirib ki, müstəqilliyin ilk illərində Azərbaycanda 17 ali təhsil müəssisəsi var idisə, indi bu say 55-ə çatıb: “Bundan əlavə, ötən əsrin 90-cı illəri ilə müqayisədə təhsilini doktorantura və aspirantura səviyyəsində davam etdirmək istəyənlərin sayı da artıb".

Bakı Dövlət Universitetinin rektoru, deputat Abel Məhərrəmov isə çıxışında deyib ki, lazımi elmi şərait yaradılarsa, azərbaycanlı alimlər də gələcəkdə Nobel mükafatı ala biləcəklər.

O xatırladıb ki, indiyədək 2 milyardlıq müsəlman dünyasından yalnız 2 nəfər Nobel mükafatını ala bilib. Onlardan biri misirli, digəri isə pakistanlıdır. Həmin şəxslərdən biri ABŞ-da, digəri isə Böyük Britaniyadakı fəaliyyətlərinə görə bu mükafata layiq görülüblər: “Elmi mühit yaradılarsa, müsəlman aləmindən də Nobel mükafatı alanların sayı çox olar. Əgər tələbələrimizə elmi şərait yaradılarsa, onlar da gələcəkdə Nobel mükafatı ala bilərlər. Bunun üçün Azərbaycanın elmi potensialı böyükdür”.

A. Məhərrəmov deyib ki, bu gün keçirilən Bakı Elm Festivallarının da əsas məqsədi gəncləri elmə cəlb etməkdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi