Yuxarı

Bakıda "Regional turizmin davamlı inkişaf prioritetləri" mövzusunda konfrans keçiriləcək

Tədbir çərçivəsində sərgi təşkil olunacaq, turizmlə bağlı videoçarxlar nümayiş etdiriləcək

Bakı. 27 may. REPORT.AZ/ Prezident yanında Elmin İnkişafı Fondunun keçirdiyi Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin qalibi olmuş qrant layihəsi çərçivəsində "Regional turizmin davamlı inkişaf prioritetləri" mövzusunda Gənc alim və mütəxəssislərin beynəlxalq elmi konfransı keçiriləcək.

Fondun mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, 31 may - 1 iyun tarixlərində keçiriləcək konfransa Azərbaycan Turizm və Menecment Universiteti elmi-təşkilati dəstək göstərir.

Konfransın keçirilməsində əsas məqsəd müasir dövrdə iqtisadiyyatın dinamik inkişaf edən aparıcı sahələrindən biri olan turizmin elmi əsaslarla inkişaf etdirilməsinə nail olmaqdır.

Konfrans geniş turizm potensialına sahib regionların hərtərəfli inkişafına nail olmaq məqsədi ilə qabaqcıl turizm regionlarının təcrübələrinin və bu sahədə aparılmış elmi tədqiqatların nəticələrinin öyrənilməsi, Azərbaycanda və dünyada mövcud olan turizm regionlarının inkişafı və bu sektorda fəaliyyət göstərən müxtəlif təşkilatların fəaliyyətlərinin düzgün təşkil edilməsi, həmçinin turizm üzrə ixtisaslaşan alim və mütəxəssislərin elmi tədqiqatlarının təşviq edilməsi baxımından da böyük əhəmiyyət daşıyır.

Konfransda “Regional iqtisadi inkişafda turizm amili və regional turizmin davamlı inkişaf problemləri”; “Regional turizmin inkişafında yerli özünüidarəetmənin yeri və icma əsaslı turizmin regionların inkişafında rolu”; “Azərbaycanın regionlarında turizmin inkişaf perspektivləri və regional turizmin davamlı inkişafında inkişaf etmiş turizm regionlarının menecment təcrübələri”; “Regional turizmin logistik problemləri və regional turizmin inkişafında yeni marketinq meylləri”; “Mədəniyyətlərarası kommunikasiyanın inkişafında turizmin rolu” mövzularında məruzələr dinləniləcək.

Konfransın işində Azərbaycandan olan alim və mütəxəssislərlə yanaşı, Qazaxıstan, Özbəkistan, Gürcüstan və Ukraynadan da dəvətli məruzəçilər iştirak edir. Məruzələr sırasında Türkiyə və İngiltərədən təqdim olunmuş maraqlı işlər də var.

Konfrans çərçivəsində sərgi təşkil olunacaq, turizmlə bağlı videoçarxlar nümayiş etdiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi