Qəbulda ən zəif nəticə göstərən rayonların adları açıqlanıb - SİYAHI

Qəbulda ən zəif nəticə göstərən rayonların adları açıqlanıb - SİYAHI Məleykə Abbaszadə: "Keçən il ​abituriyentlərin 64,7%-i qəbul imtahanında "2" alıb"
Elm və təhsil
11 Fevral , 2015 12:21
Qəbulda ən zəif nəticə göstərən rayonların adları açıqlanıb - SİYAHI

Bakı. 11 fevral. REPORT.AZ/ "Qəbulda toplanılması mümkün olan maksimal bal 700-dür. 0-700 bal diapazonunu şərti olaraq (0-200), (200-300), (300-500), (500-700) intervallarına bölərək, ənənəvi "2", "3", "4", "5" qiymətləri ilə analogiyasını yaratsaq, görərik ki, keçən il abituriyentlərin 64.7 faizi imtahandan "2", 13.6%-i "3", 15.7%-i "4", 6 %-i isə "5" qiymət alıb". "Report" xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə "Abituriyent" jurnalının 12-ci sayının təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, 2013-cü ildə bu göstəricilər uyğun olaraq 65 %, 13.8 %, 15.7 %, 5.6 % olub: "Göründüyü kimi, keçən il "2" və "3" qiymət alanların faizi nisbətən azalıb, "5" qiymət alanların faizi artıb, "4" qiymət alanların faizi isə dəyişməyib. 100-dən az bal toplayan abituriyentlərin hamısı, 100-200 bal toplayan abituriyentlərin isə 19%-i xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olanlardır. Təəssüflə qeyd etmək lazımdır ki, bu il Daşkəsən, Ağsu, Xaçmaz, Astara, Samux, Ucar, Qusar, Ağdaş, Qobustan, Sabirabad, Zərdab, Goranboy, Lerik, Şabran, Quba, İmişli və Yardımlı rayonları, eləcə də Naxçıvan MR-in Kəngərli, Sədərək və Babək rayonlarının cari ildəki məzunlarını təmsil edən abituriyentlərin 40%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub.

TQDK sədri, həmçinin attestatda bütün qiymətləri "5" olan abituriyentlərlə bütün qiymətləri "3" olan abituriyentlərin imtahan ballarını müqayisə edib: "Tam orta məktəbi bütün fənlərdən "3" qiymətlə başa vuran məzunların 97,17 %-nin qəbul imtahanlarındakı nəticələri də çox zəif 0-200 bal intervalında olub. "5" qiymətlə bitirən məzunların isə yalnız 42.46 faizi attestat qiymətlərini doğrulda bilib. Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir. Əlbəttə, obyektiv qiymətləndirilmə aparılarsa, təhsilin bir pilləsində əldə olunmuş nailiyyətlər digər pilləyə keçiddə nəzərə alınmalıdır. İndiki halda isə attestat qiymətləri ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınaraq bunun əsasında abituriyentin nəticəsinə hər hansı bal əlavə edilərsə, əla qiymətlərini doğrultmayan "əlaçılar" öz biliyi hesabına bal toplayanları sıxışdırıb onları ali təhsil müəssisələrinə qəbulda üstələyə bilərlər. Digər tərəfdən, kim zəmanət verə bilər ki, bu cür addım subyektivliyə bir qədər də rəvac verməyəcək. Odur ki, biz məktəb və qəbul göstəriciləri arasında yüksək korrelyasiya olmayanadək attestat qiymətlərinin qəbulda əlavə bal kimi nəzərə alınmasının tərəfdarı deyilik".

Son xəbərlər

Orphus sistemi