Yuxarı
    Bağlamaq

    Məleykə Abbaszadə: “Qəbul imtahanlarının ödənişsiz formasından 70 min abituriyent istifadə edəcək”

    “Birinci cəhddə imtahan haqqını dövlət ödəyəcək. İkinci cəhdi isə o özü ödəməli olacaq”

    Bakı. 28 fevral. REPORT.AZ/ "Prezidentin “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı 70 min gənci əhatə edəcək”.

    “Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, bu il sənəd verənlərin sayında artım gözlənilir: “Keçən il üçün bu rəqəm 56 min olmuşdu”.

    DİM sədri bildirib ki, bu il abituriyentlərə bir yox, iki şans veriləcək: “Gələcəkdə belə imkanlar ola bilsin artacaq. Yəni, ildə 2-3 dəfə belə imtahan şansı verə bilərik. Qəbul qaydaları hökumət tərəfindən təsdiqlənib”.

    M.Abbaszadə qeyd edib ki, bu il abituriyentlər I-IV qruplar üzrə iki dəfə qəbul imtahanında iştirak edə bilər: “Birinci cəhddə imtahan haqqını dövlət ödəyəcək. İkinci cəhdi isə o özü ödəməli olacaq”.

    “İmtahana davamiyyətə gəlincə, keçən ilki imtahanlarda 8,4 faiz abituriyent imtahana ərizə verərək buraxılış vərəqi alsa da, imtahana gəlməmişdi. Müəyyən imtahanlarda isə göstəricilər bir az fərqli olmuşdu. Belə ki, texnikumlara (11 illik) ərizə verənlərdən 20 faiz abituriyent imtahana yazılsa da iştirak etməmişdi. IX siniflərdən texnikuma ərizə verən 15 faiz abituriyent gəlməmişdi” - deyə, DİM sədri əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi