Yuxarı

Məleykə Abbaszadə: "Qəbul imtahanına hazırlaşarkən əzbərçiliyə üstünlük verən abituriyentlərin nəticələri aşağı olur"

Bu abituriyentlər məktəb kursunda öyrənilən fiziki, kimyəvi və bioloji proseslərin, riyazi çevirmələrin məğzini anlamağa cəhd etmir

Bakı. 11 fevral. REPORT.AZ/ "Qeyri-standart düşüncə və yaradıcılıq tələb edən məsələlər artdıqca abituriyentlərin bir hissəsinin topladığı bal ötən illərlə müqayisədə azalıb, lakin bununla belə, yüksək bal diapazonunda (500-700 bal) biliyin qiymətləndirilməsi və onun əsasında abituriyentlərin sıralanması daha dəqiq aparılıb. Bu dəyişiklik qəbul imtahanına hazırlaşarkən əzbərçiliyə daha çox üstünlük verən abituriyentlərin imtahan nəticələrinə öz təsirini göstərib". "Report" xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, belə abituriyentlər, adətən, məktəb kursunda öyrənilən fiziki, kimyəvi və bioloji proseslərin, riyazi çevirmələrin məğzini anlamağa cəhd etmir, təbiət hadisələrinin səbəb-nəticə əlaqələrini izah etməkdə çətinlik çəkirlər: "Bu gün tələbə adı qazananların, xüsusilə də 500-700 arasında bal toplayan gənclərin nəticələrinin təhlili belə qənaətə gəlməyə əsas verir ki, TQDK ali təhsil müəssisələrinin I kursları üçün bilik və bacarıqları ali təhsil almağa imkan verən tələbə kontingenti seçib".

TQDK sədri həmçinin bildirib ki, Azərbaycan bölməsi abituriyentlərinin ən aşağı nəticələri I qrupda riyaziyyat və kimya, II qrupda riyaziyyat, III qrupda riyaziyyat, IV qrupda riyaziyyat, fizika və kimya fənlərindəndir: "Rus bölməsində isə ən aşağı nəticə I qrupda riyaziyyat, II qrupda riyaziyyat və Azərbaycan tarixi, III qrupda riyaziyyat və tarix, IV qrupda fizika və kimya fənləri üzrə olub. Təəssüflə qeyd etmək lazımdır ki, son illər Azərbaycan bölməsi abituriyentlərinin riyaziyyat, fizika və kimya fənləri üzrə imtahan nəticələrində irəliləyiş, müsbət tendensiya nəzərə çarpmır. Bu fənlər üzrə müxtəlif ixtisas qruplarını təmsil edən orta statistik abituriyentlər, əsasən, test tapşırıqlarının 23-29 faizinə düzgün cavab verir, 32-48 faizinə isə cavab verməkdən imtina edirlər. 2013-cü illə müqayisədə isə ən böyük fərq tarix fənni üzrə olub. Belə ki, keçən il tarix fənni üzrə Azərbaycan bölməsi abituriyentlərinin nəticələri 36,35%-dən 31,01%-ə qədər aşağı düşüb".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi