Azad Rəhimov ali məktəblərdə bədən tərbiyəsi fənninin ləğvi ilə bağlı məsələyə münasibət bildirib

Azad Rəhimov ali məktəblərdə bədən tərbiyəsi fənninin ləğvi ilə bağlı məsələyə münasibət bildirib Təhsil nazirinin müavini: "İdmanı məktəbdənkənar vaxtlarda inkişaf etdirmək daha məqsədəuyğun olardı"
Elm və təhsil
21 Aprel , 2015 16:27
Azad Rəhimov ali məktəblərdə bədən tərbiyəsi fənninin ləğvi ilə bağlı məsələyə münasibət bildirib

Bakı. 21 aprel. REPORT.AZ/ "İdmanı məktəbdənkənar vaxtlarda inkişaf etdirmək daha məqsədəuyğun olardı. Hətta Təhsil Nazirliyi bu istiqamətdə bir neçə layihə həyata keçirir. Odur ki, siyasətimizin əsas istiqaməti məktəbdənkənar vaxtda daha çox idmançı cəlb etməkdir". Bunu "Report"a açıqlamasında təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

F.Qurbanovla birgə eyni tədbirə qatılan gənclər və idman naziri Azad Rəhimov isə bu məsələyə belə reaksiya verib: "Təhsil müəssisələrində idmanla bağlı məsələnin iki tərəfi var. Biri imtahan verib qiymət almaq, digəri isə tələbələrin yarışlarda iştirakıdır. Bir faktı da qeyd edim ki, ABŞ-da da ali təhsil müəssisələrində bədən tərbiyəsi fənni keçirilmir. Lakin universitet tələbələri müxtəlif idman növləri üzrə nüfuzlu yarışlarda iştirak edir, hətta aralarında Olimpiya çempionları var. Bunları nəzərə alıb belə proqramı Azərbaycanda Təhsil Nazirliyi ilə birgə tətbiq etsək, bəlkə də ölkədə çoxlu yüksək nailiyyətli idmançı yetişdirə bilərik".

Qeyd edək ki, bir müddət əvvəl Təhsil Nazirliyi ali təhsil müəssisələrinə təhsil alanların maraq çevrəsinə uyğun olaraq, daha faydalı şəkildə bədən tərbiyəsi və idmanla məşğul olmaları üçün Bədən tərbiyəsi və idman kafedralarının bazasında idman klubunun təşkil olunması, müəllimlərin bu klublarda idman növləri üzrə məşqçi vəzifəsinə götürülməsi və tələbələrin fiziki hazırlığının bölmələrdə aparılmasını tövsiyə edib. 

Son xəbərlər

Orphus sistemi