Yuxarı
    Bağlamaq

    Professor Namiq Əliyevə “Vətən övladı” ordeni təqdim edilib

    Mükafatı “Dədə Qorqud” Milli Fondu təsis edib

    Bakı. 18 yanvar. REPORT.AZ/ AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda Azərbaycanın Moldova Respublikasındakı səfiri, hüquq elmləri doktoru, professor Namiq Əliyevə “Vətən övladı” ordeninin təqdimetmə mərasimi keçirilib.

    "Report" xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, Azərbaycanın müvafiq nazirlik və komitələrinin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, alimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

    Hüquq və İnsan Haqları İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Lalə Əhmədova Namiq Əliyevin hüquq elminə verdiyi böyük töhfələrdən danışıb. Bildirib ki, N.Əliyev harada və hansı sahədə işləməsindən asılı olmayaraq, həmişə əsl vətəndaş, alim mövqeyindən çıxış edib, Vətəninə, xalqına vicdanla xidmət edib: "O, 1995-ci ildə Azərbaycan Konstitusiyası layihəsinin, eləcə də parlamentin qəbul etdiyi yüzdən yuxarı qanun layihəsinin hazırlanmasında yaxından iştirak edib. Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər İnstitutunun təsis etdiyi “Dirçəliş-XXI əsr” jurnalının redaksiya heyətinin üzvüdür".

    Tədbirdə çıxış edən “Dədə Qorqud” Fondunun prezidenti Eldar İsmayılov qeyd edib ki, Namiq Əliyev 6 beynəlxalq və milli akademiyanın (Moskva, İnsburq, Tbilisi, Nyu-York) həqiqi üzvü, 4 universitetin (Gürcüstan, Moldova Respublikası) isə fəxri doktorudur. Azərbaycan Milli Məclisində, Ədliyyə Nazirliyində, Bakı Dövlət Universitetində yüksək vəzifələrdə çalışıb. N.Əliyev, həmçinin Dağlıq Qarabağda, o cümlədən Xocalıda soyqırım hadisəsinin təhqiq edilməsi üzrə deputat-istintaq komissiyasının üzvüdür. Alimin 20 monoqrafiyası, kitabı, 100-dən artıq elmi məqaləsi, yüzlərlə publisisitik məqaləsi dərc olunub. Onun “Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi” adlı monoqrafiyası 7 ölkədə müxtəlif dillərdə nəşr edilib. Kişinyovda Moldova dilində nəşr olunan “Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi” kitabı 2012-ci ildə Moldovanın Mədəniyyət Nazirliyi və YUNESKO-nun Moldova Milli komissiyası diplomla təltif edib.

    Digər çıxış edənlər də N.Əliyevin elmi, pedaqoji fəaliyyətindən bəhs ediblər. Bildiriblər ki, alimin kitabları, elmi-metodiki işləri həm Azərbaycanda, həm də Avstriya, Belçika, Macarıstan, Polşa, Rumıniya, Fransa və s. kimi ölkələrdə dərc olunub.

    Sonda N.Əliyevə “Vətən övladı” ordeni və "Dədə Qorqud" mükafatı təqdim edilib. 

    Qeyd edək ki, mükafatı “Dədə Qorqud” Milli Fondu təsis edib və Vətənimizin inkişafı uğrunda elmi-mədəni xidmətlərinə, Azərbaycanın Qarabağ ərazisinin erməni işğalçılarından azad olunması istiqamətində verdikləri töhfəyə, işğal edilən ərazilərimizlə bağlı obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılmasına, geniş elmi-maarifçilik və təşviqat işlərinə görə ictimai-siyasi xadimlərə, alim və tədqiqatçılara verilir.

    Foto: Elşən Baba

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi