Professor Kamilə Əliyevanın elmi redaktorluğu ilə nəşr olunan "Uşaq inkişafının qiymətləndirilməsi" kitabının təqdimat mərasimi keçirilib

Professor Kamilə Əliyevanın elmi redaktorluğu ilə nəşr olunan "Uşaq inkişafının qiymətləndirilməsi" kitabının təqdimat mərasimi keçirilib 3-cü “Şuşa qrantı” müsabiqəsinin qalib layihə rəhbərləri ilə ənənəvi görüşü olub
Elm və təhsil
21 Oktyabr , 2015 13:25
Professor Kamilə Əliyevanın elmi redaktorluğu ilə nəşr olunan Uşaq inkişafının qiymətləndirilməsi kitabının təqdimat mərasimi keçirilib

Bakı. 21 oktyabr. REPORT.AZ/ Bu gün Prezident yanında Elmin İnkişafı Fondunun qrant layihəsi çərçivəsində və Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor Kamilə Əliyevanın elmi redaktorluğu ilə nəşr olunan "Uşaq inkişafının qiymətləndirilməsi" kitabının təqdimat mərasimi keçirilib. "Report" xəbər verir ki, tədbirdə, həmçinin Dövlət Proqramı çərçivəsində keçirilən Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin və Qarabağ tədqiqatları üzrə 3-cü “Şuşa qrantı” müsabiqəsinin qalib layihə rəhbərləri ilə ənənəvi görüşü olub.

Kitab haqqında məlumat verən Fondun icraçı direktoru Elçin Babayev bildirib ki, toplu məktəbəqədər qiymətləndirmənin tarixi, qiymətləndirmə prosesinə istiqamət verilməsi üçün istifadə olunan ekoloji yanaşma, məktəbəqədər yaşlı uşaqların psixoloji qiymətləndirilməsi zamanı rast gəlinən etik məsələlər, əməl ediləcək prosedurlar və qiymətləndirmə zamanı ümumi məsələlər barədə qiymətli mənbədir.

Qeyd olunub ki, "Uşaq inkişafının qiymətləndirilməsi" kitabı əsasən psixologiya ixtisası üzrə təhsil alan tələbələri və psixoloji qiymətləndirmə sahəsində müəyyən kurslar keçmiş peşəkarları uşaq inkişafı və onun qiymətləndirilməsi sahəsində müvafiq bilik və bacarıqlarla təmin etmək məqsədilə hazırlanıb.

Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxışlarında Fondun bu sahədə həyata keçirdiyi layihələri yüksək qiymətləndirib.

Təqdimat mərasimi çərçivəsində Elmin İnkişafı Fondunun nəticələri son günlər elan olunan 2 qrant müsabiqəsinin qalib layihə rəhbərləri ilə görüş də keçirilib.

Qeyd edək ki, 3-cü “Şuşa qrantı” müsabiqəsi üzrə ümumi maliyyələşdirilmə həcmi 220 000 manat olmaqla 5 qalib layihə müəyyənləşdirilib.

Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin nəticələrinə əsasən isə ümumi maliyyələşdirilmə həcmi 500 000 manat olmaqla 24 layihə qalib olub.

Son xəbərlər

Orphus sistemi