Professor Fransua Jorjo: "Fransada Osmanlı, Orta Şərq və Qafqaz tarixinə böyük maraq var"

Professor Fransua Jorjo: "Fransada Osmanlı, Orta Şərq və Qafqaz tarixinə böyük maraq var" "Osmanlı tarixi ilə bağlı 25 il əvvəl digər müəlliflərlə birgə yazdığım 200 səhifəlik kitab Fransada 30 min nüsxə ilə satılıb"
Elm və təhsil
23 Noyabr , 2016 20:28
Professor Fransua Jorjo: Fransada Osmanlı, Orta Şərq və Qafqaz tarixinə böyük maraq var

Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycanda səfərdə olan Osmanlı tarixinin tədqiqatçısı, fransalı professor Fransua Jorjo Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub.

Mərkəzin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, fransalı alim Azərbaycana ilk dəfə gəldiyini deyib: "Təəssüf ki, indiyə qədər buraya gəlmək üçün fürsət tapa bilməmişəm. Azərbaycanla qiyabi tanışlığım çox-çox illər əvvələ gedib çıxır. Osmanlı tarixini, xüsusən də “Gənc türklər” hərəkatını araşdırarkən, eləcə də Yusuf Akçuranın həyat və fəaliyyətinə həsr olunmuş diplom işimi yazarkən tarixi mənbələrdə bu görkəmli türkçü alimin adının yanında İsmayıl bəy Qaspıralı, Əhməd bəy Ağayev kimi imzalar diqqətimi çəkib. Adını çəkdiyim görkəmli şəxsiyyətlər və onların həmmüasirləri ilə bağlı 1996-cı ildə “XIX əsrin ortaları -XX əsrin əvvəllərində Azərbaycanda modernləşmə haqqında qeydlər” məqaləsini yazdım. Fransada Osmanlı, Orta Şərq və Qafqaz tarixinə böyük maraq var. Osmanlı plüralist cəmiyyətin formalaşdığı kosmopolit bir imperatorluq idi. Bu yanaşı dinc yaşamın necə əldə olunması fransız oxucusuna maraqlıdır. Osmanlı tarixi ilə bağlı 25 il öncə digər müəlliflərlə birgə yazdığım 200 səhifəlik kitab Fransada 30 min nüsxə ilə satılıb. Bu, böyük bir rəqəmdir. Bu yaxınlarda da digər araşdırmaçıların həmmüəllifliyi ilə 1300 səhifəlik “Osmanlı tarixi lüğəti” adlı kitabımız işıq üzü görəcək. Gələcək tədqiqatlarımla bağlı Bakıdakı arxivlərlə də əlaqə saxlamağı, burada araşdırmalar aparmağı düşünürəm".

İndiyə qədər Azərbaycanın multikulturalizm modeli ilə yaxından tanış olmadığını deyən alim, multikulturalizm ideyalarının bu qədər təbliğ olunduğunu, yayıldığını, bir xalqın əsrlərlə sürən həyat tərzi və dövlət siyasətində aparıcı xətt olduğunu ilk dəfə Azərbaycanda gördüyünü söyləyib: "Fransada multikulturalizm bir az mürəkkəb anlayışdır. İndi multikultural bir dünyaya alışmağımız və bunu qəbul etməyimiz lazımdır”. 

Son xəbərlər

Orphus sistemi