Yuxarı

Professor: "Dilin taleyi haqqında qeyri-peşəkarlar proqnoz verirlər"

Professor: "Dilin taleyi haqqında qeyri-peşəkarlar proqnoz verir"
© Report/ Firi Salim — Professor Buludxan Xəlilov

Bakı. 21 fevral. REPORT.AZ/ “Azərbaycan dili, ənənəsi olan dildir. Hər il yeni sözlərin alternativləri Dilçilik İnstitutu tərəfindən təqdim edilir. Amma bütün bunlardan əlavə, yeni daxil olan söz dilə uyğunlaşırsa, hətta dilimizdə qarşılığı olsa belə onun qarşısını kəsmək mümkün deyil”.

Bunu “Report”a açıqlamasında filologiya elmləri doktoru, professor Buludxan Xəlilov deyib.

Onun sözlərinə görə, müasir dövrdə dillərə yeni sözlərin daxil olması normaldır: “Dilimizə daxil olan yeni sözlər siyasət, iqtisadiyyat və texnologiya ilə bağlı olan sözlərdir. Bu da müasir dövrün tələblərindən irəli gələn bir prosesdir. Təəssüflər olsun ki, bəzən bu prosesi birmənalı şəkildə qəbul eləmirlər. Amma nəzərə almaq lazımdır ki, Azərbaycan dünyaya inteqrasiya olmuş bir dövlətdir. Dil yeni sözlərin lüğət tərkibinə daxil olması ilə əslində, öz təbii axarında inkişaf edir. Ona görə də dilə daxil olan yeni sözləri dilimizin lüğətində qəbul etməliyik. Təbii ki, qarşılığını tapa biləcəyimiz sözlər istisnadır. Müasir dövrdə biz istəsək belə dilimizə yeni daxil olan sözlərin qarşısını ala bilmərik. Əgər, müasirliyi, texnologiyanı qəbul ediriksə, biz sözləri də qəbul etməyə məcburuq”.

Professor mətbuatı “dilçi ekspert”lərə deyil, peşəkarlara yer ayırmağa çağırıb: “Narahatlıq doğuran məsələ odur ki, biz dilin tədqiqi imkanlarından düzgün istifadə etmirik. Dildə düzgün danışmağı bacarmayanların məsuliyyəti yeni daxil olan sözlərin üzərinə düşməməlidir. Əsas problem budur və ilkin olaraq bu problem aradan qaldırılmalıdır. Kütləvi İnformasiya Vasitələrində (KİV) dilin taleyi haqqında qeyri-peşəkarlar proqnoz verir. Halbuki həmin “ekspert”lər dili təhlil etmək potensialına malik deyillər”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi