Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev Bakı İstedadlar Təhsil Kompleksinin yeni binasında yaradılan şəraitlə tanış olub

    Məktəbdə təhsil ingilis dilində aparılır

    Bakı. 10 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakı İstedadlar Təhsil Kompleksinin yeni binasında yaradılan şəraitlə tanış olub.

    Report-un xəbərinə görə, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev görülən işlərlə bağlı dövlət başçısına məlumat verib. R.Abdullayev bildirib ki, bu təhsil ocağının tikintisinə ötən ilin avqust ayında başlanılıb. Kompleks qısa müddətdə müasir tələblər səviyyəsində inşa olunub.

    Qeyd olunub ki, Bakı İstedadlar Təhsil Kompleksi Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin beynəlmiləl məktəbidir. Məktəbdə təhsil ingilis dilində aparılır. Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası isə Azərbaycan dilində tədris olunur. 1200 şagird üçün nəzərdə tutulan Bakı İstedadlar Təhsil Kompleksində ilk vaxtlarda 600 şagird təhsil alacaq. Kompleksdə təlim-tədris prosesi 3 yaşından başlayaraq məktəbəqədər təhsil, ibtidai təhsil, orta təhsil və ali məktəblərə hazırlıq mərhələlərini əhatə edəcək.

    Məktəbdə 4 birinci sinif və hər birindən 3 sinif olmaqla 2 və 8-ci sinif şagirdləri ən yüksək səviyyədə təhsil almaq imkanına malik olacaqlar. Təhsil kompleksindəki 80 nəfərlik yeni tipli uşaq bağçasında da təlim proqramları Azərbaycan və ingilis dillərində tədris olunur.  Uşaq bağçasının əsas kontingenti 3-4 yaşlı uşaqlardır. 5 yaşlılar isə birinci sinfə hazırlıq kursu keçirlər. Təhsil kompleksində müasir üslubda tikilən və bütün zəruri avadanlıqlarla təchiz olunan 30 sinif otağı, kitabxana, 300 nəfərlik akt zalı, iclas otaqları, pedaqoji heyət üçün iş otaqları, laboratoriyalar, qapalı idman zalı, 2 üzgüçülük hovuzu, meydançalar, trenajor zalı, yeməkxana, tibb məntəqəsi, kompüter otaqları, qeyri-tədris sahələri yaradılıb. Tədris prosesi hər sinifdə 1 müəllim və 1 assistent tərəfindən aparılacaq. 

    Kompleksdə ümumilikdə 32 əcnəbi və 28 yerli müəllim işləyəcək. Burada təlim-tərbiyə prosesi Britaniya təhsil modeli üzərində qurulduğundan Azərbaycan milli kurrikulumundan bəzi detallar ilə yanaşı, Britaniya milli kurrikulumu-İngiltərə-Uels kurrikulumu da tətbiq olunur.

    Məktəbdə şagird-müəllim-valideyn interaktiv şəbəkəsi yaradılıb. Bu, valideynlərə şagirdlərin davamiyyəti, müvəffəqiyyəti, davranışı, onlara verilən ev tapşırıqları haqda operativ-interaktiv məlumat əldə etməyə imkan verəcək. Pedaqoji prosesin müəllim-şagird əməkdaşlığı üzərində qurulması, müasir təlim strategiyalarının və çevik qiymətləndirmə mexanizmlərinin məqsədyönlü tətbiqi, şagirdlərin informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmələri təlimin keyfiyyətinin yüksəldilməsinə zəmin yaradır. Məktəbin kitabxanası tədris planlarında nəzərdə tutulmuş fənlərə dair tədris-informasiya mənbələri ilə zənginləşdirilib.

    Qeyd edək ki, Bakı İstedadlar Təhsil Kompleksi təkcə Bakıda deyil, Azərbaycanın bütün bölgələrində yaşayan, yüksək intellektual qabiliyyətə və parlaq istedada malik uşaqların aşkara çıxarılması və onlara müasir standartlar səviyyəsində bilik və bacarıqların aşılanması üçün nəzərdə tutulmuş yeni tipli təhsil müəssisəsidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi