Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev Bakı Fransız Liseyinin açılışında iştirak edib

    “Ağ şəhər” adlanan ərazidə inşa olunan bu təhsil ocağı 320 şagird yerlikdir

    Bakı. 12 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Fransız Liseyinin açılışı olub. Report-un xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

    Prezident İlham Əliyev liseyin rəmzi açılışını bildirən lenti kəsib.

    Qeyd edək ki, paytaxtın “Ağ şəhər” adlanan ərazisində inşa olunan bu təhsil ocağı 320 şagird yerlikdir. Müasir memarlıq quruluşu ilə diqqət çəkən liseyin binası yüksək səviyyədə inşa olunub. Sahəsi 14 min kvadratmetr olan liseydə təlim-tədris üçün bütün şərait yaradılıb.

    Yüksək standartların tətbiq olunduğu bu tədris müəssisəsində məktəbəqədər hazırlıq kursu daxil olmaqla ibtidai təhsil və kollec-lisey qrupları fəaliyyət göstərəcək. Cari tədris ilində 100 şagird liseydə təhsil almağa başlayacaq.

    Liseyin təməli 2011-ci ilin oktyabrında Fransanın sabiq Prezidenti Nikola Sarkozinin Bakıya rəsmi səfəri çərçivəsində imzalanan “Azərbaycan və Fransa hökumətləri arasında Bakı Fransız Liseyinin yaradılmasına dair” Sazişə əsasən qoyulub. Yaradılmasına Heydər Əliyev Fondunun da dəstək verdiyi lisey ölkədə müvəqqəti və daimi yaşayan fransızdilli əcnəbi vətəndaşların və Azərbaycan vətəndaşlarının bu dildə təhsil almalarına geniş imkanlar yaradacaq. Fransız Liseyində tədris uşaq bağçasından başlayaraq 12 illik ümumi təhsil müəssisəsində tətbiq edilən klassik fransız tədris planı əsasında qurulacaq. Tədris proqramı Fransa milli təhsil sisteminin tələblərinə uyğun olaraq fransız dilində aparılacaq. Şagirdlərə veriləcək attestat Fransa Milli Təhsil Nazirliyinin standartlarına və tələblərinə cavab verəcək və nazirlik tərəfindən tanınacaq. Məktəbin məzunları öz seçimlərinə uyğun olaraq təhsillərini Fransanın istənilən ali təhsil müəssisəsində davam etdirmək imkanı qazanacaqlar.

    Xatırladaq ki, bu ilin mayında Fransa Prezidenti Fransua Olland da Azərbaycana rəsmi səfəri çərçivəsində Fransız Liseyinə gəlmiş və burada tikinti işlərinin gedişi ilə tanış olmuşdu.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi