“Pətək” İctimai Birliyinin keçirdiyi müsabiqə başa çatıb, qalib şagirdlər mükafatlandırılıb

“Pətək” İctimai Birliyinin keçirdiyi müsabiqə başa çatıb, qalib şagirdlər mükafatlandırılıb “Pətək” Yeni Nəslin Mənəvi Tərbiyəsi İctimai Birliyinin “Dəyərlərimiz-sərvətimiz, gələcəyimizdir” layihəsi çərçivəsində keçirdiyi məktəblərarası müsabiqə başa çatıb.
Elm və təhsil
16 Aprel , 2019 17:36
“Pətək” İctimai Birliyinin keçirdiyi müsabiqə başa çatıb, qalib şagirdlər mükafatlandırılıb

“Pətək” Yeni Nəslin Mənəvi Tərbiyəsi İctimai Birliyinin “Dəyərlərimiz-sərvətimiz, gələcəyimizdir” layihəsi çərçivəsində keçirdiyi məktəblərarası müsabiqə başa çatıb. 

"Report" xəbər verir ki, aprelin 16-da qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin və Bakı şəhəri üzrə Təhsil İdarəsinin nəzdində olan ümumtəhsil məktəb və liseylərində, həmçinin rayonlardan müsabiqəyə qatılan fəal şagirdlər, məktəb direktorları və müəllimlər iştirak ediblər.

Mərasimdə qeyd olunub ki, layihə çərçivəsində keçirilən təqdimatlara Təhsil Nazirliyinin və Bakı şəhəri üzrə Təhsil İdarəsinin nəzdində olan 80 ümumtəhsil məktəbindən 5714 şagird, bölgələr üzrə 11 rayonun (Astara, Lənkəran, Masallı, Salyan, Şirvan, Hacıqabul, Zaqatala, Balakən, Şəki, Oğuz, Qəbələ) 202 məktəbindən 1883 şagird qatılıb. 

Şagirdlər ”Milli mənəvi dəyərlərə əsaslanan nümunəvi kişi və nümunəvi qadın” mövzusunda “Ən yaxşı hekayə” və “Ən yaxşı videoçarx” nominasiyaları uğrunda yarışıblar.

“Pətək” Yeni Nəslin Mənəvi Tərbiyəsi İctimai Birliyinin sədri Sevinc Əsgərova bildirib ki, məqsəd yetişməkdə olan nəslin milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli inkişaf etmiş, əxlaqlı bir şəxsiyyət kimi yetişməsində cəmiyyətə dəstək olmaqdır: "Məktəblilərin asudə vaxtlarını faydalı axtarışlara yönəltməyi, milli-mənəvi dəyərlərimizi öyrənmələrini, bunu yaşam və davranışlarında tətbiq etmələrini istəyirdik. Layihənin hədəf qrupu 6-7-8-ci sinif şagirdlər olub. Hesab edirəm ki, məqsədimizə nail olmuşuq".

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qeyd edib ki, hər iki ölkə zəngin tarixə malikdir: "Azərbaycan xalqının da öz dəyərlərini qoruyub saxlaması təqdirəlayiqdir. Türk milləti olaraq milli dəyərlərimizə çox ciddi önəm veririk. Dünya son 20 ildə bir çox inkişafa nail olub. Texnologiya dövrü olduğundan hər şeyi internet vasitəsilə əldə edə bilirik. Belə bir şəraitdə milli-mənəvi dəyərlərimizi, zəngin tariximizi qorumaq çox vacibdir".

Sonra təntənəli şəkildə qaliblərin mükafatlandırılması mərasimi olub. Qaliblərə hədiyyə və diplomlar təqdim edilib, müsabiqədə fəal iştirak edən şagirdlərə simvolik hədiyyələr, təşəkkürnamə verilib.

Müsabiqənin münsiflər heyətində yazıçı dramaturq Əli Əmirli, xalq artisti Həmidə Ömərova, əməkdar artist Fərqanə Qasımova, təhsil eksperti Şahlar Əsgərov, "Dimet" klinikasının baş həkimi Sərbəy Səfərbəyov və "Herba Flora" şirkətinin rəhbəri Fizuli Hüseynov təmsil olunub.

Qeyd edək ki, layihə Təhsil Nazirliyinin dəstəyi və TİKA ilə birgə həyata keçirilib. 

Son xəbərlər

Orphus sistemi