Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni binasının açılış mərasimi olub

Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni binasının açılış mərasimi olub Mikayıl Cabbarov tədbirdə çıxış edib
Elm və təhsil
12 May , 2017 13:49
Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni binasının açılış mərasimi olub
Edu.gov.az

Bakı. 12 may. REPORT.AZ/ Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni inzibati binasının açılış mərasimi keçirilib.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, açılış mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov son illərdə ölkənin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən məqsədyönlü islahatlardan, iqtisadiyyatın prioritet istiqamətləri üzrə qarşıya qoyulmuş məqsədlərin reallaşdırılması sahəsində ilk peşə-ixtisas təhsilinin rolunun artmasından danışıb. 

Təhsil naziri çıxışında qeyd edib ki, dövlət başçısının müvafiq fərmanına uyğun olaraq peşə təhsilinin inkişafı ölkənin əsas prioritet istiqamətlərindən biri kimi müəyyən edilib və "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi" təsdiq olunub.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev çıxış edərək agentliyin qarşısında qoyulan mühüm tələblər və prioritet fəaliyyət istiqamətləri barədə danışıb. Agentliyin direktoru peşə təhsili və təlimi sektorunda müasir dövrün tələblərinə uyğun ixtisaslı kadr hazırlığı, beynəlxalq təcrübənin öyrənilməsi və əmək bazarının rəqabətqabiliyyətli işçi qüvvəsi ilə təmin edilməsi məqsədinə nail olunması üçün bütün imkanların səfərbər olunacağını bildirib.

Sonra iştirakçılar Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni binası ilə yaxından tanış olublar.

Qeyd edək ki, ölkə Prezidentinin 20 aprel 2016-cı il tarixli fərmanı ilə yaradılmış Peşə Təhsili üzrə Dövlət Agentliyi ilk peşə-ixtisas təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edən və əlaqələndirən, ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətini təşkil edən icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi