Yuxarı

Parisdə Xocalı faciəsindən bəhs edən "Sonsuz dəhliz" filminin təqdimatı olub

Təqdimat Azərbaycanın Fransadakı səfirliyi və Avropa-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub

Bakı. 25 fevral. REPORT.AZ/ Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı faciəsindən bəhs edən "Sonsuz dəhliz" filminin təqdimatı olub. Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib.

Tədbirdə Parisdə işgüzar səfərdə olan təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, Avropa-Azərbaycan Cəmiyyətinin Parisdəki ofisinin rəhbəri Marie-Laetitia Gourdin, Azərbaycanın Dostları Assosiasiyasının sədri, Milli Assambleyanın deputatı Jan-Fransua Mansel iştirak ediblər.

Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxışlar dinlənilib. Qeyd olunub ki, Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. Bu faciə insanlığa və bütün bəşəriyyətə qarşı törədilmiş ən qəddar cinayətdir.

Tədbirdə Xocalı soyqırımının dünya ictimaiyyətinə hərtərəfli çatdırılması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə 2008-ci ildən etibarən hər il "Xocalıya ədalət!" beynəlxalq təşviqat kampaniyasının keçirildiyi və bu kampaniyanın nəticəsi olaraq dünyanın onlarca ölkəsinin parlamenti tərəfindən Xocalı faciəsinin tanındığı bildirilib. Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar dünya ölkələrində silsilə tədbirlərin təşkil olunduğu, ilk dəfə Fransada "Sonsuz dəhliz" sənədli filminin nümayişinin həmin tədbirlərdən biri olduğu vurğulanıb.

Sonra Xocalı faciəsini əks etdirən "Sonsuz dəhliz" sənədli filmi nümayiş olunub.

Qeyd edək ki, təqdimat Azərbaycanın Fransadakı səfirliyi və Avropa-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi