Yuxarı

Ötən ay Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə daxil olan müraciətin sayı açıqlanıb

Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3 470 vətəndaşa xidmət göstərilib

Bakı. 4 fevral. REPORT.AZ/ Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar xətt" xidməti, telefon: 146) daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində bu ilin yanvar ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Nazirlikdən "Report"a verilən məlumata görə, qeyd olunan müddət ərzində 15 985 müraciət daxil olub. 

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 12 515 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 19 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,1 dəfə çox, 2015-ci il ilin müvafiq dövrü ilə müqayisədə isə 2,9 dəfə çox) daxil olub.

Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3 470 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 144 sənəd (753 məktub, 322 ərizə, 69 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlərdən daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu və yerdəyişməsi, yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, təhsil haqqından azad olunması, ümumi təhsil müəssisələrində şagirdlərin yerdəyişməsi ilə bağlı məsələlər əksini tapıb.

Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin cümə (2 867 zəng) və cümə axşamı (2 791 zəng) günləri, əsasən, saat 10:00-dan 12:30-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin cümə (861 müraciət) və cümə axşamı (755 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi