Təhsil Nazirliyi: Orta məktəb məzunlarının yalnız 11%-i peşə təhsilinə müraciət edir

Təhsil Nazirliyi: Orta məktəb məzunlarının yalnız 11%-i peşə təhsilinə müraciət edir "Azərbaycanda Peşə Təhsili Dövlət Agentliyinin yaradılması nəzərdə tutulur"
Elm və təhsil
16 Aprel , 2016 10:46
Təhsil Nazirliyi: Orta məktəb məzunlarının yalnız 11%-i peşə təhsilinə müraciət edir

Bakı. 16 aprel. REPORT.AZ/ "Təhsil Nazirliyinin tabeliyində 114 ilk-peşə ixtisas təhsili müəssisələri var. Onlardan 34-ü Bakıda yerləşir. Bundan başqa, 45-i peşə liseyi, 61-i peşə məktəbi (8-i cəzaçəkmə müəssisələrinin tərkibində), 2-i tədris mərkəzi var". "Report"un məlumatına görə, bunu Təhsil Nazirliyinin İlk peşə-ixtisas təhsili sektorunun müdiri Nigar İsmayılzadə media nümayəndələri üçün keçirilən təlimdə çıxışı zamanı deyib.

O bildirib ki, həmin peşə təhsili müəssisələrindən 6-sı işğal olunmuş rayonlarda yerləşir və fəaliyyəti dayandırılıb.

Sektor müdiri xatırladıb ki, Naxçıvanda 1 peşə liseyi, 4 peşə məktəbi, Mədəniyyət və Turizm Nazirliyinin 1, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı, Sumqayıt, Göyçayda yerləşən tədris mərkəzləri, İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi, Sumqayıt Sənaye Parkı, SOCAR-ın isə 1 müəssisəsi var. Özəl ilk peşə-ixtisas təhsili müəssisələrinin sayı isə 2-dir.

Respublikanın ilk peşə-ixtisas təhsili müəssisələrində 126 peşə üzrə 23 850 şagirdin təhsil aldığını vurğulayan Nigar İsmayılzadə qeyd edib ki, 2015-2016-cı il üzrə qəbul sayı 16 990 nəfər olub: "İlk peşə ixtisas təhsilinin müddəti 1-3 ildir. Orta məktəb məzunlarının yalnız 11%-i peşə təhsilinə müraciət edir. Peşə təhsili məzunlarından 10-11%-i təhsilini davam etdirir. Dövlət peşə-ixtisas təhsili müəssisələrində 5 507 nəfər çalışır ki, onlardan 3 555-i rəhbər və mühəndis-pedaqoji, 1 952-si qeyri-pedaqoji işçilərdir".

"Hazırda peşə ixtisas təhsili müəssisələrində ixtisaslar optimallaşdırılır. Gələcəkdə peşə məktəblərinin yataqxanalarla təchiz olunaraq kompleks şəkildə fəaliyyət göstərəcəyi nəzərdə tutulur. Azərbaycanda Peşə Təhsili Dövlət Agentliyinin yaradılması nəzərdə tutulur ki, burada məqsəd müasir menecment modellərinin tətbiqi, peşə təhsili sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi, istiqamətlərin koordinasiyasında səmərəlik, yeni imic və cəlbedicilikdir. Peşə təhsili sistemində idarəetmə modelinin dəyişilməsi istiqamətində də işlər aparılır ki, bu sahədə Sinqapur, Koreya, Finlandiya və Almaniya modelləri öyrənilir", - deyə nazirlik rəsmisi əlavə edib.

Son xəbərlər

Orphus sistemi