Yuxarı
    Bağlamaq

    Orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu bu gün başa çatır

    © Report

    Bakı. 27 mart. REPORT.AZ/ 2018/2019-cu tədris ili üçün Azərbaycanın orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında ərizə qəbulu bu gün başa çatır.

    Dövlət İmtahan Mərkəzindən "Report"a bildirilib ki, bu gün saat 09:15-ə olan məlumata əsasən, 14623 abituriyent (Azərbaycan bölməsi -14194; rus bölməsi - 429) elektron ərizəsini təsdiq edib.

    Kolleclərin ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən istər cari ilin, istərsə də əvvəlki illərin məzunları qeyd olunan tarixədək elektron ərizələrini ( http://eservices.dim.gov.az/erizetex/erize/?frm=eg... ) doldurmalı və onun təsdiqini təmin etməlidirlər.

    Qeyd edək ki, 9-cu sinfi Azərbaycanın ümumi təhsil müəssisələrində 2013-cü və ondan sonrakı illərdə bitirən abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən elektron ərizə səhifəsindəki müvafiq düyməni basmaqla özləri bu gün saat 17:00-dək təsdiq edirlər. Həmin abituriyentlər SQK-ların ünvanları ilə qəbul haqqında elanın tam mətnində tanış ola bilərlər.

    Ümumi (9 illik) orta təhsil səviyyəsini Azərbaycanın ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər müsabiqədə ana dili (Azərbaycan dili və ya rus dili) və riyaziyyat fənlərindən buraxılış imtahanından (9‑cu siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər.

    Ümumi (9 illik) orta təhsil səviyyəsini əvvəlki illərdə bitirən və təhsil haqqında sənəd alan və ya ümumi orta təhsil səviyyəsini Azərbaycanın hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər isə müsabiqədə iştirak etmək üçün ana dili (Azərbaycan dili və ya rus dili) və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər. Qəbul imtahanının birinci mərhələsi aprelin 15-də, ikinci mərhələsi isə iyulun 10-da keçiriləcək.

    Müsabiqə abituriyentin buraxılış (qəbul) imtahanından topladığı ümumi bal əsasında aparılır.

    Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər ümumi qaydada elektron ərizələrini təsdiq etdirdikdən sonra “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanuna əsasən “Azərbaycan dili” fənnindən (ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün) test imtahanı verirlər. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. Bu imtahanda abituriyentlərə kurrikulum əsasında hazırlanmış 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

    “Azərbaycan dili” fənnindən test imtahanı iki dəfə – 2018-ci il aprelin 22-də Bakı şəhərində və digər bölgə mərkəzlərində, iyunun 10-da isə yalnız Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

    Tələbə qəbulu elanının tam mətni ilə buradan tanış ola bilərsiniz.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi