Oktyabrda Azərbaycan və Türkiyə dövlətlərinin cümhuriyyət günlərinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

Oktyabrda Azərbaycan və Türkiyə dövlətlərinin cümhuriyyət günlərinə həsr olunan beynəlxalq konfrans keçiriləcək AMEA prezidenti Xəzər Strateji İnstitutundan olan nümayəndə heyətini qəbul edib
Elm və təhsil
16 Fevral , 2016 10:04
Oktyabrda Azərbaycan və Türkiyə dövlətlərinin cümhuriyyət günlərinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

Bakı. 16 fevral. REPORT.AZ/ AMEA Rəyasət Heyətində Xəzər Strateji İnstitutunun baş katibi Haldun Yavaşın rəhbərlik etdiyi nümayəndə heyətilə görüş keçirilib. Akademiyadan "Report"a verilən məlumata görə, görüşdə AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov cari ilin oktyabr ayında keçiriləcək Azərbaycan və Türkiyə dövlətlərinin cümhuriyyət günlərinə həsr olunmuş beynəlxalq konfransa hazırlıq işlərindən danışıb. 

O, tədbirin Xəzər hövzəsinin tarixi, coğrafiyası, geologiyası, o cümlədən dünya tarixində yeri və rolunun qiymətləndirilməsi, yeni elmi problemlərin aşkar olunması baxımından mühüm beynəlxalq forum olacağını deyib: "Konfransa dünyanın müxtəlif ölkələrindən tanınmış alimlər dəvət olunacaq. Bu elmi simpozium Akademiya tarixində ən mühüm tədbirlərdən biri olacaq. Konfransa bu günədək artıq 20-dən çox ölkədən 250-yə yaxın məqalə göndərilib.

AMEA prezidenti, akademik Akif Əlizadə çıxış edib. Xəzər dənizinin geoloji tarixinə, sərvətlərinə görə dünya üzrə unikal hövzə olduğunu vurğulayan alim Xəzər ilə yanaşı, qədim tarixi olan Meksika və Fars körfəzlərinin ətrafında yaşayan insanların da zəngin ənənələrə malik olduqlarını qeyd edib. 

Alim Xəzər ətrafında yaşayan xalqların multikulturalizm ideyalarını daşıdıqlarını, daim bir-birilə dostluq münasibətləri saxladıqlarını diqqətə çatdırıb: "Bu səbəbdən Xəzər dənizinin geoloji tarixinə yenidən nəzər salınması, coğrafi problemlərinin öyrənilməsi son dərəcə vacibdir. AMEA-da Xəzər Elmi Mərkəzinin yaranması və fəaliyyətinin təşkili zəruridir".

Sonda Xəzər Strateji İnstitutunun baş katibi H.Yavaş çıxış edərək görüşün əhəmiyyətini vurğulayıb. O, konfransın təşkilinə göstərdiyi dəstəyə görə AMEA prezidentinə təşəkkür edib, həmçinin tədbirin proqramı, dəvət olunacaq alim və mütəxəssislər, elmi məruzələr və digər məsələlərlə bağlı fikirlərini bölüşüb.

Son xəbərlər

Orphus sistemi