Yuxarı
    Bağlamaq

    Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində struktur dəyişikliyi olub

    AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

    Bakı. 22 fevral. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

    AMEA Rəyasət Heyəti Aparatının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Hüquq və İnsan Haqları İnstitutunda keçirilən iclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadə Akademiyanın Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvi Tofiq Məmmədovun 60 illik yubileyi münasibətilə AMEA-nın Fəxri Fərmanını təqdim edib.

    Tədbirdə AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundovanın “İctimai elmlər üzrə tədqiqatların vəziyyəti və inkişaf istiqamətləri” mövzusunda məruzəsi dinlənilib. Alim son illər ictimai elmlərin müxtəlif istiqamətləri üzrə aparılan tədqiqatların vəziyyəti və inkişaf perspektivləri, əldə edilmiş elmi nəticələrə dair təqdimatla çıxış edib. Akademik-katib Azərbaycanın tarixi və iqtisadiyyatı, hü­quq elmi, respublikamızda, eləcə də Yaxın və Orta Şərq ölkələrində baş verən ictimai, siyasi, sosial-iqtisadi və mədəni proseslər, milli münasibətlər və digər istiqamət­­lərdə aparılmış tədqiqat işlərindən danışıb.

    Məruzə dinlənildikdən sonra Rəyasət Heyətində müzakirə olunub. Bölməyə daxil olan elmi müəssisələrə fəaliyyətlərinin səmərəliliyini yüksəltmək məqsədilə mültidissiplinar proqram və layihələrin hazırlanması və birgə təd­bir­lərin ke­çi­rilməsi, perspektiv elmi istiqamətlərdə magistratura və doktorantura üzrə kadr hazırlığının aparılmasına dair tapşırıqlar verilib.

    Rəyasət Heyəti iclasda ölkə başçısı İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanından irəli gələn vəzifələrin AMEA-da icrası ilə bağlı məsələni müzakirə edib. Akademik Akif Əlizadə iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması yollarını müəyyən edən strateji yol xəritələrinin 2017-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövrə və ondan sonrakı dövrə hədəf baxışı özündə ehtiva etdiyi deyib. Akademik iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin tədbirlər planlarında bir sıra dövlət orqanları ilə yanaşı, AMEA-nın da yer aldığını bildirib.

    Məsələnin müzakirəsindən sonra ölkə iqtisadiyyatında cari, orta və uzunmüddətli dövrlərdə davamlı inkişafın təmin olunması, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması, Azərbaycan elminin “elm-təhsil-istehsal” zəncirinin, respublikanın insan kapitalının inkişafında aktiv iştirakının təmin olunması və digər prioritet vəzifələrin icrası ilə əlaqədar qərar qəbul edilib. AMEA-nın müvafiq elmi müəssisələrinə, eyni zamanda Rəyasət Heyətinin nəznindəki bir sıra şöbə, idarə və təşkilatlara iqtisadiyyatının əsas sektorları üzrə yol xəritələrindən irəli gələn vəzifələri müzakirə etmək, yol xəritələrinin icrası ilə bağlı konkret tədbirlər görmək, ölkə iqtisadiyyatı üçün əhəmiyyət kəsb edən işləmə, ixtira və patentləri dəyərləndirmək və müəyyən edilmiş aktual mövzularda tədqiqatları genişləndirmək tapşırılıb.

    Tədbirdə “AMEA-nın professoru haqqında Əsasnamə” təsdiq olunub. Məsələ ilə bağlı çıxış edən akademik Akif Əlizadə “AMEA-nın professoru” elmi adının yüksək nailiyyətlər əldə etmiş, uzun illər AMEA-nın əsas funksiya və vəzifələrinin həyata keçirilməsində xidmətlər göstərmiş Azərbaycan alimlərinin əməyinin qiymətləndirilməsi məqsədilə təsis edildiyini bildirib.

    İclasda AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının illik hesabatı dinlənilib. Hesabatı məruzə edən şuranın sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov 2016-cı ildə AMEA-da gənclərin intellektual potensialının inkişafı, onların elmi və elmi-təşkilati fəaliyyətə daha geniş miqyasda cəlb edilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini bildirib. O qeyd edib ki, ötən müddət ərzində bilik və qabiliyyəti ilə seçilən gənclərin aşkar edilməsi və onların ölkənin sosial, mədəni və ictimai həyatında aktivliyinin təmin edilməsi, həmçinin gənc alimlərin beynəlxalq elmi mərkəzlərlə əlaqələrinin genişləndirilməsi istiqamətlərində xüsusi addımlar atılıb. Məruzəçi gənclərin intellektual potensialının daha məqsədyönlü və səmərəli şəkildə elmi fəaliyyətə cəlb edilməsi üçün görülən işlər haqqında məlumat verib.

    Hesabat dinlənildikdən sonra müzakirə edilib. Rəyasət Heyəti AMEA-da gənc alim və mütəxəssislərin beynəlxalq əlaqələrinin daha da inkişaf etdirilməsi, onların elmi nəticələrinin “Springer”, “Elsevier”, “Scopus” və “Tomson Reuters” kimi nüfuzlu beynəlxalq elmi bazalara daxil olan jurnallarda nəşri istiqamətində fəaliyyətinin gücləndirilməsi, innovativ yönümlü tədqiqat işlərinin aparılması və digər məsələlərlə bağlı tapşırıqlar verib.

    Tədbirdə şuranın 2017-ci il üçün illik Fəaliyyət planı da təsdiq olunub.

    Sonda Rəyasət Heyətinin digər qərarı ilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin strukturunda qismən dəyişiklik edilib. Muzeyein İctimaiyyətlə əlaqələr və mətbuat, Təhsil, Beynəlxalq Əlaqələr və dünya muzeyləri şöbələri yaradılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi