Yuxarı

​Nəsimi rayonunda Məktəblilərin Sağlamlıq Forumu keçirilib

Forumlar Bakı şəhərinin 7 rayonunda həyata keçirilir

Bakı. 16 may. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzinin həyata keçirdiyi “Məktəblilərin Sağlamlıq Forumu”nun növbəti ünvanı Nəsimi rayonu olub.

Mərkəzin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəklədiyi forumların əsas məqsədi məktəblilərin sağlamlığının qorunmasına, fiziki tərbiyəsinin artılmasına, habelə onların zərərli vərdişlərdən uzaqlaşdırılmasına və sağlam həyat tərzi keçirmələrinə kömək etməkdir.

Yüzlərlə Nəsimi rayon məktəblisinin iştirak etdiyi Forumu giriş sözü ilə Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə açıb. Bildirib ki, Mərkəz yeniyetmə və gənclərin sağlamlığının qorunmasını prioritet fəaliyyət kimi müəyyən edərək, bu sahədə ardıcıl tədbirlər həyata keçirir. O, məktəblilərin sağlamlığının qorunması istiqamətində dövlətin gördüyü işlər barədə məlumat verərək, bütün qurumların birgə səylər nümayiş etdirməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, keçirilən forumla yanaşı, məktəblilər üçün pulsuz tibbi müayinələr, məsləhət saatları, habelə məktəblilər arasında sağlamlıqla bağlı yazı müsabiqələri, sərgilər, maarifləndirici kampaniyalar və s. təşkil olunacaq.

Digər çıxış edən qonaqlar da Forumun ictimai əhəmiyyətini qeyd edərək, məktəblilərin fiziki, mənəvi, intellektual inkişafı istiqamətində Gənclər üçün Təhsil Mərkəzinin digər təşəbbüslərini də yüksək qiymətləndiriblər.

Forumun rəsmi açılışı bitdikdən sonra, ekspertlərin məruzələri dinlənilib. Tədbir interaktiv yollarla davam etdirilib, məktəbliləri maraqlandıran suallar təcrübəli mütəxəssislər tərəfindən cavablandırılıb.

Forum çərçivəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən məktəblilərin tibbi müayinələri təşkil olunub, məktəblilərə sağlamlığın qorunmasına dair maarifləndirici materiallar paylanılıb.

Qeyd edək ki, forumlar Bakı şəhərinin 7 rayonunda həyata keçirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi