Yuxarı

​Nərgiz Paşayeva: "Dünya Azərbaycan elmi ilə hələ kifayət qədər tanış deyil"

Biz istəyirik ki, Azərbaycan elmi dünyada layiq olduğu yeri tutsun

Bakı. 10 İyun. REPORT.AZ/ "Dünya Azərbaycan elmi ilə hələ kifayət qədər tanış deyil. Biz istəyirik ki, Azərbaycan elmi dünyada layiq olduğu yeri tutsun".

"Report" xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva bildirib.

Professor Nərgiz Paşayevanın müsahibəsi:

- Mərkəzin rəsmi saytında qeyd olunub ki, Azərbaycan və onun yerləşdiyi Qafqaz bölgəsinin zəngin mədəniyyətinin və tarixinin araşdırılması beynəlxalq elm aləminin diqqətindən kənarda qalıb. Sizcə, təşkil edilən elmi konfransın bu baxımdan əhəmiyyəti nədən ibarətdir?

- Sabahkı konfrans Oksford Universitetində yaradılmış və onun səlahiyyətli bir qurumuna çevrilmiş Nizami Gəncəvi adına Mərkəzin ilk elmi konfransıdır. Şübhəsiz ki, belə bir tərkibdə və belə bir çevrədə təqdim olunan konfrans özlüyündə ortaya bir çox mühüm məsələləri qoyur. Birinci mühüm məsələ odur ki, artıq deyildiyi kimi burada səsləndirilən hər bir fikir, irəli sürülən hər bir elmi mülahizə auditoriyada qalmır, dünyanın bütün elmi dairələrinə çatdırılır. Çünki Oksfordun yürütdüyü mülahizələr, qəbul etdiyi dəlillər artıq dünyada sınaqdan keçirilmiş elmi meyarlardır. Bu baxımdan əlbəttə ki, bizim Mərkəzin keçirdiyi konfransın əhəmiyyəti çox böyükdür. Konfransda iştirak edən alimlər bu gün öz sahələrində ən sanballı, ən məşhur və nüfuzlu alimlərdir. Bu isə sözsüz ki, tədbirin səviyyəsinin əsas göstəricisidir.

- Ötən il Nizami Gəncəvi adına Mərkəzin tezliklə fəaliyyətə başlayacağını qeyd etmişdiniz. O vaxtdan çox keçməsə də, Mərkəzin fəaliyyəti və layihələri haqqında nə deyə bilərsiniz?

- Layihələrin sadalanması doğrudan da sevindiricidir. Məsələn, fərəhli hal odur ki, Bertelsin 1941-ci ildə nəşr olunmuş və təəssüf ki, heç vaxt yenidən rus dilində dərc edilməmiş “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabını biz burada, Oksfordda ingilis dilinə tərcümə edirik. Bu ilin sonuna qədər bu kitabın həm Oksfordda, həm də Azərbaycanda təqdim olunması nəzərdə tutulur. Alimlər və peşəkar dairələr, bu işin fərqində olanlar üçün bu, çox böyük hadisədir. Çünki Bertelsin kitabının ingilis versiyasını bu vaxta qədər heç kəs hazırlamamışdı. Əgər bunu Oksford kimi böyük bir universitet, onun şərqşünaslıq fakültəsi tərcümə edib ortaya qoyursa, artıq bu kitabı bütün dünya tanıyacaq.

Bundan başqa, biz 3 magistrant və 3 aspirant hazırlığı ilə məşğuluq. Hazırlıq nədən ibarətdir? İmtahan vermək lazımdır. Oksford müəllimlərinin və professorlarının sınağından keçmək lazımdır. Sınaqdan keçən hər kəs bu uğuru qazanacaq. Əlbəttə ki, biz bu imkanı layiq olana verəcəyik.

Bundan əlavə, biz təkcə şərqşünaslıq və ədəbiyyatşünaslıq deyil, elmin hər hansı bir başqa sahəsi ilə də məşğul olan, Oksford Universiteti ilə əlaqə yaratmaq istəyən hər bir kəsə universitetin qaydaları çərçivəsində yardım etmək səlahiyyətinə malikik. Konfransdan bir gün əvvəl universitetin rəhbərliyi ilə görüşdə mənə dedilər ki, gələcəkdə bizi yalnız Qafqaz regionu deyil, həmçinin Orta Asiya bölgəsində təmsil edən bir mərkəz olaraq görmək istəyirlər. Artıq iki ildir ki, birgə çalışırıq. Burada etimad qazanmışıq və bu müddət ərzində onlar bizim elmi biliyimizi, bacarığımızı, tərəfdaşlıq qabiliyyətimizi qiymətləndiriblər və bu qiymət yüksəkdir.

-Bu layihəyə təbii ki, Azərbaycanda böyük maraq göstərilir. Belə ki, Nizami Gəncəvi adına Mərkəz Oksford Universitetinin bir hissəsi kimi fəaliyyət göstərir. Bu, böyük nailiyyətdir. Siz bunu necə izah edərdiniz və maraqlananlar Mərkəzin fəaliyyətində necə iştirak edə bilərlər?

- Bilirsiniz, ən əsası odur ki, bacarıqlı, əməksevər gənclər olsunlar. Doğrudur, XIII əsrdən fəaliyyət göstərən Oksford Universiteti ödənişli əsaslarla təhsil verir. Amma bu o demək deyil ki, maliyyə imkanı olan hər bir kəs buraya daxil ola bilər. Bu nüfuzlu təhsil ocağına yaxınlaşmaq, burada təhsil almaq üçün maddi vəsait demək olar ki, ən axırıncı şərtdir. Vacib olan bacarıq və bilik, çalışqanlıq, səbir və təmkindir. Tədricən kamilləşərək irəli getmək arzusu olmalıdır. Elm biznes sahəsi deyil, buraya addım-addım, özündən əvvəlkiləri yaddan çıxarmayaraq, üstündən xətt çəkməyərək gəlirsən. Sən özündən qabaq olanları və çox işlər görənləri unutmayaraq irəli gedə bilərsən.

Ən əsası odur ki, biz burada heç də formal, müvəqqəti funksiya daşımırıq. Bu gün fəaliyyət göstərən və Azərbaycanı təmsil edən Nizami Gəncəvi adına Elmi Mərkəz Oksfordda daimi olmalıdır və olacaqdır. Çünki məhz belə olduğu halda ölkənin də, vətənin də, vətəndaşın da nüfuzu, dəyəri artır.

- 800 illik tarixə malik və bir çox dünya şöhrətli alim və ictimai xadim yetişdirən məşhur Oksford Universitetində təmsil olunan ilk azərbaycanlı alim olaraq hisslərinizi necə ifadə edərdiniz?

- Mənə elə gəlir ki, bu həm reallıq, həm də əfsanədir. Mən bu gün Oksforda gələndə məni ən istəkli və fəxri qonaq kimi qarşıladılar. Mənə dedilər ki, bu bütün fəaliyyətini universitetə və tələbələrə həsr etmiş, universiteti təmsil edən adamların görüşüdür. “Biz belə insanları həmişə qorumağa, onlara dəstək olmağa hazırıq”. Bu sözlər yüksək etimadın ifadəsidir, insan üçün böyük sevincdir. Belə məqamda fikirləşirsən, nə yaxşı ki, 33 ildir öz peşənlə, fikrimcə ən yaxşı peşə ilə - müəllimlik və elmlə məşğulsan. Oksford Universitetinin qapısını açmaq, onun kollektivinə qovuşmaq mənim üçün çox böyük qürurdur.

Azərbaycanda məşhur alimlər olub, burada böyük elmi potensial formalaşıb. Dünya Azərbaycan elmi ilə hələ kifayət qədər tanış deyil. Biz istəyirik ki, Azərbaycan elmi dünyada layiq olduğu yeri tutsun. Bu isə bir günün, bir saatın ərzində, ani istəklə ərsəyə gələn bir iş deyil. Bu, böyük əmək, zəhmət və ürəkyanğısı tələb edir. Burada Oksfordda heç kim heç kimdən asılı deyil, lakin hamı həqiqətdən asılıdır və ona xidmət edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi