Yuxarı

Nazirlik rəsmisi: "Təlimlərdə uğur qazanmayan müəllimlərin işdən çıxarılması nəzərdə tutulmayıb"

Nazirliyin ixtisasartırma ilə bağlı yanaşması tamamilə dəyişib

Bakı. 30 aprel. REPORT.AZ/ Təhsil Nazirliyi müəllimlər üçün ixtisasartırma təlimlərinə başlayıb. "Report" xəbər verir ki,nazirliyin Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev aprelin 30-da keçirdiyi mətbuat konfransında bildirib ki, təlimlərə bu ildən start veriləcək. 

O deyib ki, bəzi hallarda müəllimlər təlimləri düzgün qəbul etməyərək, yenidən imtahan verib sınaq qiymətləndirilməsi kimi dəyərləndirirlər: "Bu, sadəcə anlaşılmazlıqdır. Müəllimlərin ehtiyaclarına uyğun təlimlər təşkil olunur. Nazirliyin ixtisasartırma ilə bağlı yanaşması tamamilə dəyişib. Belə ki, təlimlərə cəlb olunan müəllimlərin işdən çıxarılması və ya hansısa intizam tədbirlərinə cəlb olunması nəzərdə tutulmayıb".

Nazirlik rəsmisi onu da qeyd edib ki, artıq Bakıda “Təməl” layihəsinin icrasına başlanılıb: "Bu layihə gələn il üçün birinci sinifdə dərs deyəcək müəllimləri əhatə edəcək. 101 müəllim könüllü şəkildə bu kurslara cəlb olunub. İxtisasartırma kursunu keçən müəllimlər biliyin qiymətləndirilməsi ilə bağlı sınaq imtahanında qənaətbəxş nəticə göstəriblər. Kurslarda iştirak edən müəllimlər Bakının 70 məktəbini təmsil edir. Bununla da valideynlərin "bu məktəbin müəllimi daha yaxşıdır" deməmələri üçün layihəni icra etdik. Əgər həmin müəllimlər sonda uğur əldə edərlərsə, həmin siniflərə də müasir texniki avadanlıqların verilməsi nəzərə alınacaq. Bu da təhsil prosesini kökündən dəyişən islahat olacaq".

Mətbuat konfransda çıxış edən qurumun QHT və KİV-lə İş sektorunun müdiri Cəsarət Valehov qeyd edib ki, Təhsil Nazirliyinin SABAH qruplarına mədəniyyət və incəsənət ixtisası üzrə qəbul keçiriləcək. Bura dekorativ incəsənət, instrumental ifaçılıq, aktyor və rejissorluq ixtisasları daxildir.

O, həmçinin təhsil müəssisələrinin yeni avadanlıqlarla təminatı ilə bağlı həyata keçirilən işlərdən də danışıb: "50-dək ümumtəhsil məktəbi yeni laboratoriya avadanlıqları ilə təchiz olunub, hərbi kabinetlər qurulub".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi