Yuxarı

Nazirlik: Qafqaz Universitetinin builki məzunlarına Bakı Mühəndislik Universitetinin diplomları veriləcək

Nazirlik: Qafqaz Universitetinin builki məzunlarına Bakı Mühəndislik Universitetinin diplomları veriləcək
“Bütün tələbələrin hamısı bir universitetdə təhsil alacaqlar”

Bakı. 31 yanvar. REPORT.AZ/ “Bu ilin yanvar ayının 16-da fəaliyyəti dayandırılan Qafqaz Universitetinin təkcə texniki sahə deyil, eləcə də humanitar və sosial sahələr üzrə təhsil alan tələbələrinin hamısı təhsillərini bitirənə kimi Bakı Mühəndislik Universitetində oxuyacaqlar”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov deyib.

“Bütün tələbələrin hamısı bir universitetdə təhsil alacaqlar”, - deyə, nazirlik rəsmisi əlavə edib.

Nazirlik rəsmisi onu da qeyd edib ki, bu il məzun olan tələbələrin diplomlarında da məhz Bakı Mühəndislik Universitetinin (BMU) adı qeyd olunacaq, yəni, onlara BMU-nun diplomu veriləcək.

Qeyd edək ki, Təhsil Nazirliyinin kollegiya iclasında Qafqaz Universitetinin ləğvetmə komissiyasının təqdim etdiyi təkliflər əsasında tələbə kontingentinin digər universitetlərdə yerləşdirilməsi məsələsi müzakirə olunub. Müzakirələr nəticəsində qış imtahan sessiyasından sonra bütün tələbələrin bir universitetdə - Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli sərəncamı ilə dövlət universiteti statusunda yaradılmış Bakı Mühəndislik Universitetində öz ixtisasları üzrə yerləşdirilməsi variantı qəbul edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi