Nazirlik bəzi müəlliflərin X sinif dərslikləri ilə bağlı narazılığına aydınlıq gətirib

Nazirlik bəzi müəlliflərin X sinif dərslikləri ilə bağlı narazılığına aydınlıq gətirib Nazir müavini: "Payız aylarında növbəti iclas olacaq və bu sahədə olan bir sıra məsələlər müzakirə ediləcək"
Elm və təhsil
29 Avqust , 2017 12:47
Nazirlik bəzi müəlliflərin X sinif dərslikləri ilə bağlı narazılığına aydınlıq gətirib

Bakı. 29 avqust. REPORT.AZ/ Təhsil Nazirliyi bəzi müəlliflərin X sinif dərsliklərinin hazırlanması ilə bağlı səsləndirdiyi narazılıqlara münasibət bildirib.

"Report"un məlumatına görə, təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda ümumtəhsil məktəb dərsliklərinin hazırlanması davamlı şəkildə həyata keçirilən prosesdir. 

O qeyd edib ki, kurikulum sistemi ilə tədrisə başlayan şagirdlər bu il X sinifdə təhsil alacaq: "Ona görə də bu il X sinif dərsliklərinin hazırlanması üçün tender bir il öncə keçirilib. Ötən ilin noyabr ayında həmin dərsliklərin hamısı qiymətləndirilib və müvafiq şöbəyə təqdim edilib. Həmin dərsliklər həm Dərsliyin Qiymətləndirilməsi Şurası, həm də Dövlət İmtahan Mərkəzinin ekspertləri tərəfindən qiymətləndirmədən keçib. Həmin qiymətləndirmədə bütün nəzərdə tutulan göstəricilərin orta məxrəci əsasında qaliblər elan olunub. Qalib elan olunan dərsliklər yanvardan etibarən xüsusi olaraq bu məqsəd üçün nəzərdə tutulan və yaradılan portalda yerləşdirilib və ictimai müzakirələrə təqdim olunub".

Onun sözlərinə görə, iki ildir ictimai müzakirələrin aparılması tətbiq olunan haldır: "Bu zaman Təhsil Nazirliyinə müvafiq qurumlar tərəfindən təkliflər verilib. Onların da əksəriyyəti müəlliflərə təqdim olunub. Bir çox hallarda onlar bu təkliflərlə razılaşıb nəzərə alıb, bəzi hallarda isə öz mövqelərini ortalığa qoyub sübut ediblər ki, materialın bu və ya digər formada təqdim olunması daha düzgündür".

Dərslik hazırlanmasının kifayət qədər mürəkkəb və çox mərhələli proses olduğuna diqqət çəkən nazir müavini əlavə edib ki, bu prosesin ictimaiyyətə açıq olması üçün bütün tərəflərin təkliflərinin nəzərə alınması üçün maksimum şərait yaradılır: "Gələcəkdə də bu prosesin geniş müzakirə vasitəsilə qəbul edilməsi nazirlikdə daim diqqət mərkəzindədir. Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən yaradılan “Təhsilin məzmunu və dərsliklər” üzrə Daimi Şuranın ilk iclası artıq keçirilib. Payız aylarında növbəti iclas olacaq və orada ümumilikdə bu sahədə olan bir sıra məsələlərin müzakirəsi nəzərdə tutulur. Orada müxtəlif ictimai xadimlər, təhsil sahəsində təcrübəsi olan insanlar da təmsil olunaraq öz fikirlərini bildirəcəklər". 

Son xəbərlər

Orphus sistemi