Yuxarı
    Bağlamaq

    Azərbaycanda bakalavriat səviyyəsinə qəbul imtahanı iki dəfə keçiriləcək - QƏRAR - ƏLAVƏ OLUNUB

    Nazirlər Kabineti bakalavr, magistratura, rezidentura və kolleclərə qəbul qaydalarını təsdiqləyib

    Bakı. 8 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən, Nazirlər Kabineti tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə, ali təhsil pilləsinin bakalavr, magistratura və rezidentura səviyyələrinə tələbə qəbulu qaydalarını təsdiq edib.

    Mərkəzdən “Report”a verilən məlumata görə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul qaydalarında edilən dəyişikliyə əsasən abituriyentlərə seçdikləri ixtisas qrupu üzrə eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak etməyə icazə verilir. Belə ki, cari tədris ilində bakalavriat səviyyəsinə qəbul imtahanının iki dəfə keçirilməsi nəzərdə tutulur. Bu ilin və əvvəlki illərin məzunları hər iki imtahanda iştirak edə bilərlər. Abituriyentlər müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özləri müəyyən edəcəklər.

    Digər qəbul qaydalarında ciddi dəyişiklik olunmayıb. Təsdiq olunan qəbul qaydaları tqdk.gov.az saytında yerləşdiriləcək və “Abituriyent” jurnalının müvafiq buraxılışlarında çap ediləcək.

    Dövlət İmtahan Mərkəzindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, bu il ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarının iki dəfə keçirilməsi nəzərdə tutulur: "Qəbul qaydalarında edilən dəyişikliyə əsasən abituriyentlərə icazə verilir ki, cari ilin və ya əvvəlki ilin məzunu olmasından asılı olmayaraq hər iki imtahanda iştirak etsinlər. Yəni abituriyentlərin iki şansı olacaq. Lakin abituriyentlər hər iki imtahanda iştirak edərlərsə, eyni ixtisas qrupunu seçməlidirlər. Bir imtahanda birinci, digər imtahanda ikinci ixtisas qrupunu seçə bilməzlər. Müsabiqə isə abituriyentin qəbul imtahanında topladığı ümumi bal əsasında aparılacaqdır. Əgər abituriyent hər iki imtahanda iştirak edibsə və bir imtahandan 400, o biri imtahandan 410 bal toplayıbsa, müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyən edəcək".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi