Yuxarı

Nazir YAP funksionerinin iradlarına münasibət bildirib

Məktəblərdə bərk qabıqlı kitablar istifadə olunmur

Bakı. 20 noyabr. REPORT.AZ/ “Gələn il “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın müddəti başa çatır. Proqram çərçivəsində bu günə qədər 755 gəncimiz xaricdə təhsil alıb. Onlardan 35 faizi dövlət, 60 faizi isə özəl sektorlarda çalışırlar. Bütün bu kimi inkişafı nəzərə alaraq dövlət başçısı İlham Əliyevin xüsusi göstərişi ilə proqramın gələcəkdə davam etdirilməsi üçün hazırlıq işlərinə başlanılıb”. “Report”un xəbərinə görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Milli Məclisdə çıxış edərkən deyib.

Nazir həmçinin dərsliklərlə bağlı səsləndirilən iradlara da münasibət bildirib. Onun sözlərinə görə, məktəblərdə bərk qabıqlı kitablar istifadə olunmur. Nazir çıxışı zamanı, hətta I sinif üçün ümumi 5 kitabın çəkisini də misal çəkib. O qeyd edib ki, bu kitabların ümumi çəkisi cəmi 1 kq 240 qramdır.

M.Cabbarov eyni zamanda xarici ölkələrdən Azərbyacana professorların dəvət edilməsi məsələsinə də toxunaraq bildirib ki, bununla bağlı işlər görülür.

Peşə təhsili ilə bağlı məsələyə də münasibət bildirən nazir qeyd edib ki, bu məsələ hökumətin daim diqqətindədir. Nazirlik bununla bağlı müvafiq işlər görür.

Qeyd edək ki, YAP icra katibin müavini Siyavuş Novruzov parlamentin dünənki iclasında dərsliklərlə bağlı irad səsləndirib. “Bu yaxınlarda mənə xarici vətəndaş dedi ki, sizdə kitab yox, məhz adam öldürmək üçün soyuq silah hazırlanır. Kitabların üzlüklərini qalın edirlər ki, kimin başına vursalar, gərək həmin adam ölsün. Kitabların qalın olmasına baxmayaraq, içi boşdur” - deyə, o bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi