Yuxarı

Nazir: "Direktorlara müstəqil şəkildə müəllim seçmək şansının verilməsi ənənəsi bərpa ediləcək"

Hazırda bu sahədə mümkün imkanları araşdırırıq

Bakı. 19 aprel. REPORT.AZ/ "Təhsil Nazirliyi son illər məktəblərə müəllim seçiminə diqqətlə yanaşır. Ən mühüm mövzulardan biri müəllimlərin işə qəbulunun şəffaf keçirilməsidir. Düşünürəm ki, bu istiqamətdə bir sıra nailiyyətlərə imza atmışıq. Lakin daimi olaraq, bu proqramı təkmilləşdirməyi düşünürük".

"Report"un məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov "Azərbaycan üçün öyrət" layihəsinin təqdimatında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, təhsil sisteminin gücü müəllimlərin gücü ilə ölçülür: "Hazırda qarşıda duran əsas məqsədlərdən biri növbəti tədris illəri üçün həyata keçirəcəyimiz seçimlərdə ölkədə ən yaxşı nailiyyət göstərən məktəblərə və onların rəhbərlərinə müstəqil şəkildə müəllim seçmək ənənəsini bərpa etməkdir. Biz hazırda bu sahədə mümkün ola biləcək imkanları araşdırırıq".

O bildirib ki, uğur əldə etmiş, yüksək akademik nailiyyət göstərən müəllimlərlə ən zəif akademik nəticə göstərən müəllimlər arasında keyfiyyətlər, bacarıqlar üzrə fərqlər var: "İlk kateqoriyaya aid olan məktəblərdən danışdığımız halda biz artıq yüksək akademik nailiyyətlər əldə etmiş şagirdlərin potensialının mümkün qədər açılmasını istəyiriksə, onda zəif nəticə göstərən məktəblərdə əsas məqsədimiz ümumi səviyyəni əhəmiyyətli dərəcədə qaldırmaqdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi