Azad Rəhimov Braziliyada "Azərbaycan" adını daşıyan bələdiyyə məktəbində olub - VİDEO

Azad Rəhimov Braziliyada "Azərbaycan" adını daşıyan bələdiyyə məktəbində olub - VİDEO Tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Elnur Sultanov da iştirak edib
Elm və təhsil
17 Avqust , 2016 07:03
Azad Rəhimov Braziliyada Azərbaycan adını daşıyan bələdiyyə məktəbində olub - VİDEO

Bakı. 17 avqust. REPORT.AZ/ Avqustun 16-da Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və ölkəmizin Braziliyadakı səfiri Elnur Sultanov Rio-de-Janeyro şəhərində Azərbaycan adını daşıyan bələdiyyə məktəbində olub.

Gənclər və İdman Nazirliyindən "Report"a verilən məlumata görə, hazırda məktəbdə 5-11 siniflər arasında 400 nəfər təhsil alsa da, məktəb ümumilikdə 750 şagird üçün nəzərdə tutulub.

Məlumata görə, məktəbə Azərbaycan adının verilməsi Rio-de-Janeyro Şəhər Bələdiyyəsinin üzvü Joao Ribaşın təşəbbüsü ilə baş tutub. Məhz o, yeni tikiləcək məktəbə "Azərbaycan" adının verilməsi ilə bağlı parlamentə təklif irəli sürüb və bu təklif böyük səs çoxluğu ilə qəbul olunub.

Yeni tikilərək istifadəyə verilmiş məktəb artıq 8 aydır ki, Azərbaycanın adını daşıyır. Məktəb binası üç mərtəbədən ibarətdir. Burada 26 sinif otağı var. Otaqlarda Azərbaycanla bağlı kitablar, rəsmlər, broşürlər, stendlər var, həmçinin Azərbaycan bayrağı asılıb.

Görüşdə qeyd olunub ki, son neçə ildə heç bir məktəbə hansısa ölkənin adı verilməyib və Azərbaycan bu baxımdan yeganə ölkələrdən biridir. Sözügedən məktəbdə fiziki qüsurlu uşaqlar üçün də ayrıca siniflər nəzərdə tutulub.

Məktəbin direktoru Fabio Milioni nazir Azad Rəhimov və səfir Elnur Sultanova məktəb haqqında məlumat verib və qeyd edib ki, məhz bu məktəb Azərbaycanın tanıtımında, sevilməsində, eyni zamanda gənc nəslin Azərbaycanı daha yaxından tanımasında çox böyük rol oynayacaq.

Məktəblə tanışlıqdan sonra səfir Elnur Sultanov Heydər Əliyev Fondu tərəfindən göndərilmiş hədiyyələri məktəbə təqdim edib. Eyni zamanda nazir Azad Rəhimov da məktəbə Avropa Oyunlarının xüsusi hədiyyələrini və Bakıda keçiriləcək İslam Həmrəylik Oyunlarının xatirə hədiyyələrini məktəbə təqdim edib.

Son xəbərlər

Orphus sistemi