Naxçıvan ərazisinin 28 faizi xüsusi mühafizə olunan təbiət ərazilərinin payına düşür

Naxçıvan ərazisinin 28 faizi xüsusi mühafizə olunan təbiət ərazilərinin payına düşür Muxtar respublikada “Naxçıvan təbiəti” albom-kataloqu işıq üzü görüb
Elm və təhsil
22 Avqust , 2017 20:51
Naxçıvan ərazisinin 28 faizi xüsusi mühafizə olunan təbiət ərazilərinin payına düşür

Bakı. 22 avqust. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında “Naxçıvan təbiəti” albom-kataloqu işıq üzü görüb.

"Report" xəbər verir ki, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çapdan çıxan yeni nəşrdə Naxçıvanın zəngin təbiətini, flora və faunasını əks etdirən fotoşəkillər oxuculara təqdim olunur.

Fotoşəkillərdə əks olunan ərazilər barədə Azərbaycan, rus və ingilis dillərində məlumat verilir. Yeni nəşrin giriş hissəsində qeyd olunur ki, muxtar respublika ərazisində olan 1200-dən çox qədim tarixi abidə xalqımızın zəngin mədəni irsindən xəbər verir. Beşminillik şəhər mədəniyyətinə malik Naxçıvan 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı seçilib. Qədim tarixi, müasir inkişafı, zəngin mədəniyyəti və təhlükəsiz həyat şəraiti Naxçıvanda turizmin inkişafına səbəb olub. 

Albom-kataloqda qədim diyarın coğrafi mövqeyi barədə oxucuları maraqlandıran faktlar diqqətə çatdırılaraq bildirilib ki, Naxçıvan Muxtar Respublikası Cənubi Qafqaz yaylasının cənub- şərqində yerləşir. Dəniz səviyyəsindən orta yüksəkliyi 1450 metrdir. Mövcud 11 iqlim tipinin 9-na muxtar respublika ərazisində təsadüf olunur. Ərazinin çox hissəsini Kiçik Qafqazın Zəngəzur və Dərələyəz dağ silsilələri əhatə edir. Ən hündür zirvəsi Qapıcıq dağıdır (3904 metr). Ərazinin üçdəbir hissəsini Arazboyu düzənliklər təşkil edir. 200-dən çox mineral su bulağı, 400-dək böyük və kiçik çayı var. Naxçıvanda Azərbaycanın nadir fauna və florası yerləşir. Ərazidə olan flora və faunanın nadir növləri Naxçıvan Muxtar Respublikasının “Qırmızı Kitabı”na daxil edilib və xüsusi mühafizəyə alınıb. Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı, Şahbuz Dövlət Təbiət Qoruğu, Arazboyu, Ordubad və Arpaçay Dövlət Təbiət yasaqlıqları hesabına xüsusi mühafizə olunan təbiət əraziləri muxtar respublika ərazisinin 28 faizini təşkil edir.

Son xəbərlər

Orphus sistemi