Yuxarı

Naxçıvanda aparılan arxeoloji tədqiqatların ilkin nəticələri məlum olub - FOTO

Plovdağ abidələr kompleksində, Dəlmə qalasında və Xaraba-Gilan şəhər yerində tədqiqatları davam edir

Bakı. 4 avqust. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında aparılan arxeoloji tədqiqatların ilkin nəticələri məlum olub. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan "Report"a verilən xəbərə görə, Ordubad (Naxçıvan MR) ərazisində fəaliyyət göstərən Xaraba-Gilan arxeoloji ekspedisiyası Plovdağ abidələr kompleksində, Dəlmə qalasında və Xaraba-Gilan şəhər yerində tədqiqatları davam etdirir.

Arxeoloji ekspedisiyanın rəhbəri, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Bəhlul İbrahimlinin sözlərinə görə, bu ilin tədqiqat mövsümünün ilkin mərhələsində Plovdağın ikinci nekropolunda 7 kurqan tədqiq edilib: "E.ə. III minilliyin sonu-II minilliyin əvvəllərinə aid bu kurqanlarda Urmiya yaxınlığında yerləşən Göytəpə abidəsinin K təbəqəsi keramikasına uyğun gil qablar aşkar edilib. Daha çox Naxçıvanda və Urmiya ətrafı abidələrdə yayılan bu tip keramika, hər iki bölgənin orta tunc dövründə vahid arxeoloji mədəniyyət arealında olduğunu sübut edir".

Qeyd edək ki, Plovdağda tunc dövrünə aid aşkar edilən insan qalıqları (skeletlər) AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru Vəli Baxşəliyevin rəhbərlik etdiyi Azərbaycan-Amerika Beynəlxalq Arxeoloji Ekspedisiyasının üzvü, Çikaqo Universitetinin antropoloqu Selin Elizabeth Nugent tərəfindən tədqiq edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi