Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçirilən inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçirilən inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb "Bu, gənclərin dövlətçilik təfəkkürünün və baxışlarının formalaşmasına müsbət təsir göstərir"
Elm və təhsil
5 May , 2015 13:43
Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçirilən inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı. 5 may. REPORT.AZ/ Bu gün Gülüstan Sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təşkil edilən inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. “Report” xəbər verir ki, mərasimdən əvvəl iştirakçılar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş inşa müsabiqəsi artıq 9-cu dəfədir təşkil edilir: “Müsabiqə şagird və tələbələrin ümummilli liderlə bağlı fikirlərinin, duyğularının qələmə alınmasında, onların yazı qabiliyyətinin formalaşmasında mühüm rol oynayır. Ölkənin bütün bölgələrini əhatə edən müsabiqə ulu öndərin fəaliyyətinin müxtəlif sahələrini əhatə edir”.

Nazir vurğulayıb ki, müsabiqənin rayon (şəhər) mərhələsində 15 mindən artıq şagird iştirak edib: “Respublika mərhələsinin iştirakçıları arasında 16 nəfər birinci yerə, 19 nəfər ikinci yerə, 22 nəfər üçüncü yerə layiq görülüb. Həvəsləndirici yer tutan 35 nəfər diplomla təltif olunub. 1-4-cü yerləri tutan 92 nəfərin inşa yazısı “Heydər Əliyev məktəblilərin gözü ilə” adlı kitabda çap edilib”.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov müsabiqənin əhəmiyyətini yüksək qiymətləndirib. O, müstəqil Azərbaycan dövlətinin banisi olan Heydər Əliyevin zəngin irsinin, ideyalarının böyüməkdə olan gənc nəsilin öyrənməsinin vacibliyini vurğulayıb: "Bu, gənclərin dövlətçilik təfəkkürünün və baxışlarının formalaşmasına müsbət təsir göstərir".

Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsinin sədri Səttar Mehbalıyev da çıxış edərək müsabiqə qaliblərini təbrik ediblər.

Sonda müsabiqə qaliblərinə diplomlar, mükafat və müxtəlif qiymətli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, ümumitəhsil məktəblərinin VIII-XI sinif və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri, orta ixtisas məktəblərinin tələbələri arasında təşkil olunan inşa yazı müsabiqəsi Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Son xəbərlər

Orphus sistemi