Yuxarı

​Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri: “Mühafizə xidmətinə ehtiyacı olan 137 təhsil müəssisəsinin siyahısı nazirliyə təqdim edilib” - MÜSAHİBƏ

“Məktəbəhazırlıq qruplarına nəzarət etmək üçün yaxın günlərdə məktəblərə monitorinqlər təşkil olunacaq”

Bakı. 4 fevral. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyevanın “Report”a müsahibəsi:

Məhəbbət Vəliyeva bu vəzifəyə qədər 2003-2008-ci illərdə “XXI” əsr Ümumtəhsil Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor müavini, 2008-2014-cü illərdə Akademik Zərifə Əliyeva adına liseyin direktoru, 2014-2015-ci illərdə isə Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini kimi çalışıb. 2015-ci ilin dekabrından təhsil naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri təyin olunub.

Bu, M.Vəliyevanın indiki vəzifəyə təyin olunmasından sonra mətbuata ilk müsahibəsidir.

- Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini vəzifəsində işləyərkən fəaliyyətiniz əsasən hansı istiqamətdə olub? Müdir təyinatından sonra nə kimi yeni islahatların həyata keçirilməsi nəzərdə tutulur?

- 2014-cü ilin dekabrında idarəyə müdir müavini təyin olundum. Həmin dövrdə İdarədə Ümumi sektorun işinə və sənədlərin dövriyyəsinə nəzarət edirdim. Qeyd edim ki, Prezidentin 2015-ci il 19 yanvar tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı təsdiq edildi. Fəaliyyət Planı məktəblərdə təhsilalanlar üçün bərabər imkanların yaradılması, istedadlı uşaqlarla davamlı işin təşkili, təhsildə keyfiyyəti təmin etmək məqsədilə təhsilverənlərin peşəkar kompetensiyalarının səviyyəsinin artırılması, keyfiyyətli idarəetmə və məktəb mühitinin yaxşılaşdırılması ilə bağlı strateji istiqamətlərin icrasını təmin edən mütərəqqi addımların atılmasını tələb edirdi. Məhz bu səbəbdən qısa müddətdən sonra İdarədə yeni İnkişaf layihələri sektoru yarandı və bu sektorun da işinə nəzarət mənə tapşırıldı. Sektorun fəaliyyətinin əsas və ilkin məqsədi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 304 məktəbin mövcud vəziyyətini öyrənmək, təhsil ehtiyaclarını müəyyənləşdirmək, təhlillər aparmaq və onların ödənilməsi ilə bağlı sistemli yanaşmaya əsaslanan mexanizmlər hazırlamaq, strateji fəaliyyəti planlaşdırmaqdan ibarət idi. Bu məqsədlə sektorun fəaliyyətində dayaq nöqtəsi kimi 9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələrini əsas götürdük. Çünki məhz, həmin imtahanların nəticələri uzunmüddətli fəaliyyətin məhsulu olmaqla məktəbin real vəziyyətini əks etdirən indikatorlardan biridir və bu göstəricilər əsasında çatışmazlıqları və üstünlükləri müəyyənləşdirmək mümkündür. Sözün qısası, uğurlu məktəbin şagirdlərinin nəticəsi ən yaxşı halda yüksək, ən pis halda isə qənaətbəxş olmalıdır. Bu gün fəaliyyətimizi bu istiqamətdəki prioritetlərdən başlıcası hesab edirik və tərəfimizdən artıq müəyyən səmərəli addımlar atılıb.

- Hazırda Bakıda neçə məktəb fəaliyyət göstərir və nə qədər şagird təhsil alır?

- 2015-2016-cı tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 317 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 363 859 şagird təhsil alır. Ümumi təhsil müəssisələrindən 304-ü tam orta məktəb, 3-ü ümumi orta məktəb, 3-ü sağlamlıq imkanları məhdud, 7-si qiyabi (axşam) ümumtəhsil məktəbidir.

- Bakının ən yaxşı məktəblərinin şəhərin mərkəzində olduğu daim deyilir. Bu, nə dərəcədə realdır?

- Sirr deyil ki, bir zamanlar şəhər əhalisinin stabil yaşayan qrupu və ən ziyalı təbəqəsi Bakının mərkəzində məskunlaşmışdı. Hətta indi də həmin binalar sakinlərini dəyişsə də, el arasında şairlərin, yazıçıların, bəstəkarların, həkimlərin, rəssamların və s. binası kimi tanınmaqda davam edir. O dövrlər uşaqlar yaşayış ərazisi üzrə ən yaxın məktəbdə təhsil alırdılar. Buna müvafiq olaraq, məktəb də öz işini məktəbləri formalaşdıran tələb-təklif modeli üzərində qururdu. Eyni zamada, ölkə təhsilimizin tanınmış simalarından olan pedaqoqların bir çoxu mərkəzi məktəblərdə çalışırdılar. Təbii ki, daha savadl, ziyalı ailələrdən gələn uşaqların belə peşəkarlar tərəfindən yetişdirilməsi şagirdlərin təlim nəticələrinin yüksək olmasına, bununla da məktəbin göstəricilərinə və bu kimi fikirlərin formalaşmasına birbaşa təsir edirdi. Xalqımızın məşhur simalarının əksəriyyətinin həmin məktəblərin məzunları olması bu faktı bir daha təsdiqləyirdi. İndi də həmin məktəblərin bəziləri öz əvvəlki adını və şöhrətini qoruyub saxlaya bilib, vaxtilə o məktəbdən məzun olanların ailə şəcərəsinə çevrilib.

Lakin hazırda bu fikir sadəcə mərkəzdən uzaqda yerləşən məktəblər haqqında yaranmış bir stereotip, yanlış fikir və təsəvvürlərdir. Bu gün mərkəzdən uzaqda yerləşən, amma kifayət qədər keyfiyyətli təhsil mühitinə malik məktəblər mövcuddur. Bunun başlıca səbəbi ölkə başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə məktəb quruculuğuna xüsusi önəm verməsi, təhsil işçilərinin daim diqqət və qayğı ilə əhatə olunmasıdır. Bu gün təkcə paytaxtda deyil, ümumilikdə regionda yeni təhsil müəssisələrinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla, laboratoriyalarla təminatı, istilik sisteminin bərpası nəticəsində ümumilikdə ölkə üzrə 1 milyondan çox şagirdin, yəni bütün şagirdlərin 80 faizinin təlim şəraiti yaxşılaşdırılıb. Güclü maddi-texniki baza və müasir tələblərə cavab verən infrastruktur keyfiyyətin təmin olunmasında çox mühüm əhəmiyyət kəsb edən faktordur. Lakin bununla yanaşı, həmin məktəbdə çalışan kadr potensialı məktəbin əsas qüvvəsidir. Çünki uzunmüddətli təcrübə və fəaliyyətlər onu sübut edir ki, keyfiyyət göstəriciləri nümunəvi olan, seçimdə valideynlər tərəfindən üstünlük verilən məktəblərin uğurunun sadə bir sirri var ki, bu da məktəbin daha peşəkar, səriştəli müəllim ordusunun olması, idarəedici heyətin müəssisənin fəaliyyətini səmərəli təşkil etməsi ilə izah olunur.

- Paytaxtda təhsil alan şagirdlərin bugünkü bilik səviyyəsini necə qiymətləndirirsiniz?

- Bu suala cavab vermək üçün şagirdlərin nailiyyətlərini obyektiv əks etdirən göstəricilərə əsaslanmaq lazımdır. Əvvəldə qeyd etdiyim kimi, Bakı şəhərinin ümumtəhsil məktəblərində şagirdlərin nailiyyətlərinin yüksəldilməsi məqsədilə son illərdə müntəzəm tədbirlər həyata keçirilir. Son üç dərs ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən IX sinif buraxılış imtahanlarının nəticələri əsasında Təhsil Nazirliyi tərəfindən ölkənin ümumi təhsil müəssisələrinin reytinq cədvəli hazırlanıb, hər bir ümumi təhsil müəssisəsinin inkişaf dinamikası təhlil edilib. Bakı şəhərinin Təhsil İşçilərinin ənənəvi Sentyabr Konfransında bu sahədə son 3 ildə davamlı uğurlu nəticə göstərən bir sıra paytaxt məktəblərinin direktorları və direktorun təlim-tərbiyə işləri üzrə müavinlərinin səmərəli fəaliyyəti Təhsil Nazirliyinin Fəxri Fərmanı və pul mükafatı ilə qiymətləndirilib. Bu istiqamətdə BŞTİ tərəfindən də bir sıra tədbirlər həyata keçirilib. Uğurlu nəticə əldə edən məktəblərin təcrübəsinin öyrənilməsi və yayılması məqsədilə keçən ilin dekabr ayında Bakı şəhərinin 12 inzibati rayonunda keçirilən “Açıq Qapı” günlərində rayonda fəaliyyət göstərən bütün məktəblərin son üçillik nəticələrini əks etdirən təhlillər məktəb direktorlarının diqqətinə çatdırılmış, geriləmə müşahidə olunan məktəblərin rəhbərlərinə nəticələrin yaxşılaşdırılması istiqamətində görüləcək tədbirlərlə bağlı çevik təlimatlar verilib. Bu, davamlı prosesdir və təbii ki, göstəricilərin daha da yüksəldilməsinə daim ehtiyac duyulacaq.

- Bakı məktəblərində təhlükəsizlik tədbirləri necə həyata keçirilir?

- Son dövrlər dünyada baş verən qeyri-stabil siyasi və iqtisadi prosesləri nəzərə alsaq, ümumi təhsil müəssisələrində uşaqların təhlükəsizliyinin təmin olunması məsələsi gündəmdə olan ən əsas məsələlərdəndir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 6 təhsil müəssisəsində təhlükəsizliyin təmin olunması məqsədilə mühafizə xidmətinin təşkili Daxili İşlər Nazirliyi Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilir. Eyni zamanda, təhsil müəssisələrində mühafizə xidmətinin təşkil olunması üçün tərəfimizdən monitorinqlər keçirilib, mühafizə xidmətinə ehtiyacı olan 137 təhsil müəssisəsinin siyahısı Təhsil Nazirliyinə təqdim edilib. Hazırda həmin müəssisələrin mühafizə ilə təmin olunması istiqamətində müvafiq tədbirlər görülür.

Bununla yanaşı, təmir-tikinti zamanı təhsil müəssisələrində təhlükəsizliyin təmin olunması məqsədilə tərəfimizdən müəssisələrə əvvəlcədən baxış keçirilir, müəllim və şagird kontingenti digər yaxın ünvanlara köçürüldükdən, müvafiq şərait yaradıldıqdan sonra təmir-tikinti işlərinə başlanılır.

Yanğın zamanı təhlükəsizliyin təmin olunması üçün təhsil müəssisələri vaxtaşırı yanğından mühafizə balonları və lövhələri ilə təmin olunur. Həmçinin yanğın və digər fövqəladə hallar zamanı təhlükəsizlik qaydalarına əməl olunması məqsədilə FHN-in əməkdaşları tərəfindən təhsil müəssisələrində mütəmadi olaraq treninqlər və müvafiq maarifləndirmə tədbirləri həyata keçirilir.

- Məktəblərdə gələcəkdə bəzi ştat vahidlərinin azaldılması gözlənilirmi? Yaxud da yeni ştatların olması nəzərdə tutulurmu?

- Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli, 59 nömrəli qərarına uyğun olaraq ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris-yaradıcı və xidmət işçiləri heyətinin ştat vahidləri həmin müəssisədəki sinif-komplektlərinin miqdarından asılı olaraq dəyişir və cari ildə qeyd edilən qərarda hər hansı bir dəyişiklik və əlavələr edilməyib. 

2014/2015-ci dərs ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində sinif komplektlərinin sayı 14 111, 2015/2016-cı dərs ilində isə 14 476 olub. Göründüyü kimi, tabeliyimizdə olan ümumtəhsil müəssisələrindəki ştat vahidlərinin sayı cari dərs ilində artıb. Bununla yanaşı, təlim-tərbiyə prossesinin mürəkkəbliyini və strateji əhəmiyyətini nəzərə alaraq, məktəblərdə bəzi ştatların artırılması dövrümüzün tələbləri ilə hətta üst-üstə düşür.

Ümumi təhsil müəssisələrində məktəbdə şagird kontingentinin sayından və tərkibindən asılı olmayaraq 1 ştat vahidi praktik psixoloq müəyyənləşdirilib. İnsanların sosial problemlərinin artdığı bir dövrdə ailədaxili münasibətlərin mürəkkəbliyi zəminində öyrənmə çətinliyi ilə qarşılaşan, valideynlərinin diqqətindən, qayğısından və dəstəyindən kənarda qalan uşaqların yeganə ümid yeri məktəbdir. Bəzən ilk baxışdan qayğısız görünən uşağın çox ciddi psixoloji problemləri olur ki, bu hal özünü kiçik konfliktlərdə daha qabarıq biruzə verir. Belə uşaqların peşəkar mütəxəssislə ünsiyyətdə olması, onların davranışının və psixoloji durumunun davamlı izlənməsi növbəti mərhələlərdə daha ciddi müdaxilə tələb edən problemlərin qarşısını almağa imkan verir.Təbii ki, məktəb psixoloqu qədər bu sahəni dərindən bilən ikinci mütəxəssis yoxdur, çünki bu, onun vəzifəsidir. 

Müəllimlər peşə bilikləri baxımından akademik, pedaqoji, metodikibiliklərlə yanaşı, uşaq psixologiyası və fiziologiyası sahəsində də müvafiq biliklərə malikdirlər. Lakin məktəb psixoloqunun funksiyası bu sahənin mütəxəssisi kimi dərsdə və dərsdənkənar fəaliyyətdə müəllim-müəllim, müəllim-şagird, şagird-şagird, müəllim-valideyn və s. münasibətlərini daim müşahidə etmək, həm məktəb rəhbərliyini, həm müəllimləri, həm şagirləri, həm də valideynləri düzgün istiqamətləndirməkdir. Eyni zamanda məktəbdə təhsil alan hər bir şagirdin psixoloji pasportunu yaratmaqla psixoloq istedadlı uşaqların üzə çıxarılması istiqamətində də bir çox imkanlara malikdir. Ümumiyyətlə, məktəbdə sağlam-psixoloji mühütin təmin olunması istiqamətində praktik fəaliyyət göstərən psixoloqa çox ehtiyac var. Qeyd edilənləri nəzərə alaraq, şagird kontingenti böyük olanməktəblərə iki psixoloq ştatının müəyyənləşdirilməsinə zəruridir.

Bundan başqa, bir vacib məsələyə də toxunmaq istərdim. Yaşadığımız çağdaş dövr elm və texnologiya əsri olduğundan sürətlə inkişaf etməkdədir. Dünən müasir hesab edilən metodlar, yanaşmalar bu gün aktuallığını itirir və daha yeniləri ilə əvəz olunmasına zərurət yaradır. Bu gün gündəlik həyatımızıvə məişətimizi texnika və texnologiyasız təsəvvür etmək mümkün deyil. Bu hal təhsildə də müşahidə olunur. Məktəblərin müasir İKT ilə təminatı, dərslərdə texnologiyadan geniş istifadə olunması uşaqların informasiyanı daha çevik, əlverişli şəkildə əldə etməsini təmin edir. Bununla da müstəqil öyrənmə prosesini onlar üçün əlçatan edir, vərdişlər formalaşdırır. Müəllimlər də İKT-dən istifadə etməklə dərslərin daha maraqlı, yaradıcı təşkil edilməsinə nail olur, bu da, öz növbəsində fənni uşaqlara sevdirir. Müəllimlərin İKT savadlılığının daim yenilənməsinə, elektron tədris resurslarının ekspertizasına, İKT-dən istifadə zamanı sanitar-gigiyenik normaların gözlənilməsinə, texnikadan istifadə qaydalarına riayət olunmasına və s. nəzarət edən və bu prosesi davamlı idarə edən mütəxəssis ştatına təbii zərurət yaranıb. Hazırda məktəblərin İKT avadanlıqlarının qorunub saxlanmasına maddiməsul şəxs təsərrüfat müdiridir. Məzmunla bağlı məsuliyyət isə hər bir müəllimin öz üzərindədir. Yaxşı olardı ki, yaxın zamanda məktəblərdə direktorun İKT profili üzrə müavini ştatı müəyyənləşdirilsin.

- Bu gün Bakı məktəblərində hansı fənn müəllimlərinə daha çox ehtiyac var?

- Hazırda Bakı məktəblərində ibtidai sinif, İnformatika və fiziki tərbiyə müəllimlərinə daha çox ehtiyac var.

- Bəzən məktəb yaşlı şagirdlərin intihara meyilləri müşahidə olunur. Nazir müavini Firudin Qurbanov tədbirlərdən birində çıxışı zamanı qeyd etmişdi ki, müəllim bu peşəyə qazanc mənbəyi kimi baxmamlıdır, daim şagirdlə təmasda olmalıdır. Ümumiyyətlə, Bakı məktəblərində intihar və bu kimi halların olmaması üçün hansı tədbirlər görülür? Müəllimlər şagirdlərlə nə qədər yaxşı işləyir?

- Bu məsələ hazırda diqqət mərkəzində saxlanılan və üzərində düşündüyümüz ən vacib məsələlərdəndir. Bugünkü sosioloji sorğular onu göstərir ki, məktəbyaşlı uşaqların intihara meylli olması natamam, uğursuz, müəyyən hallarda iqtisadi durumu stabil olmayan ailələrdə böyüməsi səbəbindən, bəzən də məktəbin də məsuliyyət daşıdığı vəzifələrin öhdəsindən kifayət qədər gəlmədiyi ucbatından baş verir. Bir az əvvəl məktəb psixoloqunun işinin əhəmiyyətindən danışdıq. Əlbəttə, bu məsələdə ailə ilə yanaşı, məktəb də ciddi məsuliyyət daşıyır. Məktəbdə müəllimin bugünkü vəzifəsi yalnız tədris prosesini keyfiyyətli təşkil etməklə bitmir. Şagirdlərlə ünsiyyətin, münasibətlərin, davranışın qarşılıqlı hörmət və etibarlılıq zəminində formalaşması üçün müəllimlər daim psixoloji ədəbiyyatı izləməli, fəaliyyətlərində bu sahədəki uşaq inkişaf nəzəriyyələri və uşaq psixologiyası haqqında zəruri məlumata yiyələnməli, müasir praktik yanaşmalara əsaslanmalıdırlar. Xüsusilə də keçid dövrünü yaşayan və həssas təbəqədən olan uşaqların bütün emosiyalarına, hisslərinə fikir və davranışlarına qarşı diqqətli olmaqla bu sahədə də peşəkarlıq nümayiş etdirməlidirlər.

- Ötən il ərzində neçə məktəb direktoru işdən azad olunub? Neçə direktor təyinatı olub?

- Ötən il ümumilikdə 21 məktəb direktoru işdən azad olunub. 23 direktor təyinatı olub. Çalışmanın yaş həddinə çatan 136 müəllim, 14 məktəb direktoru ilə əmək müqaviləsi ləğv edilib.

- Müəllimlərin xüsusi geyim formalarında gəlməsi üçün hansısa tələblər var?

- Müəllimlər üçün xüsusi geyim forması müəyyənləşdirilməyib. Bununla yanaşı, müəllimlərin səliqəli, sadə, etik normalar çərçivəsində geyinmələri şərtdir. Bu barədə Təhsil Nazirliyinin 16 may 2014-cü il tarixli, 600 nömrəli əmri ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış qaydaları”nda da qeyd olunub. Müəllim ilk növbədə kiminlə işlədiyini və peşəsinin mahiyyətinin nədən ibarət olduğunu dərk etməlidir. Müəllimin davranışında etik qaydalar gözlənildiyi kimi, geyim tərzi də onun müəllim kimi qəbul olunmasını təmin etməlidir. Düşünürəm ki, məhz bu məsələdə bizim milli mənsubiyyətimizə, xalqımıza xas olan və cəmiyyət tərəfindən qəbul olunaraq illərlə formalaşan əxlaq, həya normalarının gözlənilməsində müəllimin görünüşünün nümunəvi olmasının gələcəyimiz olan uşaqlarımız üçün də, elə müəllimlərin özü üçün də əhəmiyyəti böyükdür.

- Bayramlarda şagirdlərdən pul yığılmasına görə valideynlər daim şikayət edirlər, ancaq onu da deyirlər ki, uşaqların sıxışdırılmaması üçün pul verməyə məcburuq...

- Ümumiyyətlə, şagird və valideynlərdən hər hansı məqsədlə pul tələb edilməsi qəti qadağandır və bununla əlaqədar bütün ümumi təhsil müəssisələrinə ciddi tapşırıqlar verilib. Təəssüf ki, bununla bağlı şikayətlər cəmiyyətdə əvvəllər olduğu kimi indi də səsləndirilir. Təhsildə belə halların olması görülən səmərəli işlərin, aparılan islahatların üzərinə ciddi kölgə salır. Təhsil Nazirliyi tərəfindən hər bir vətəndaşın belə neqativ hallarla bağlı müraciətinə şərait yaradılıb. Bunun üçün “Çağrı mərkəzi” və “Qaynar xətt” fəaliyyət göstərir. Daxil olan hər bir müraciət aidiyyəti qurum tərəfindən diqqətlə araşdırılır və təsdiq edildiyi halda neqativ hala yol vermiş şəxslər qanunvericiliyə uyğun cəzalandırılır.

- Həmçinin, məktəbdə fond pulu və ya süpürgə pulu yığılması hallarının olduğu da iddia edilir. Bu nə dərəcədə düzgündür?

- Bu cür iddialar bir qayda olaraq, əsassızdır. Bakı şəhərinin ümumi təhsil müəssisələrinin direktorları “təsərrüfat kartı” ilə təmin edilib və məktəbin təsərrüfat xərcləri hesabatı aparılmaqla həmin kartlarda mövcud olan vəsait hesabına ödənilir.

- “Çağrı mərkəzi” və “Qaynar xətt”ə daxil olan müraciətlər əsasən nə ilə bağlı olur?

- Əsasən, müəllim-şagird münasibətlərində olan müəyyən konfliktlərin meydana çıxması, eləcə də işəgötürənlə işçi arasında yaranan narazılıqlarla bağlı şikayətlərlə qarşılaşırıq. Bu hallarda da qanunvericiliklə müəyyən olunmuş tələblər gözlənilməklə vətəndaşların müraciətləri cavablandırılır. Son zamanlar bu istiqamətdə azalma müşahidə olunsa da, məktəblərdə bu gün hələ də neqativ hallarla rastlaşırıq. Təbii ki, bütün şikayətlər araşdırılır. Bəzən bu şikayətlərin arxasında haqlı narazılıqlar durur. Bəzən də şikayətlərinhüquqi əsası olmur, sadəcə vətəndaşın öz nöqteyi-nəzərindənhüquqlarının bu və ya digər formada pozulduğu iddia edilir. Buna qanunvericiliyin vətəndaşın şəxsi maraqları ilə ziddiyyət təşkil etdiyi hallarda rast gəlirik.. Vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi İdarənin qarşısında duran vacib məsələlərdən biridir. Məqsədimiz təhsilin keyfiyyətinin artırılması və yüksəldilməsidirsə, bunun əldə olunmasında ortaya çıxan problemlərin aradan qaldırılmasına nail olmaq üçün vətəndaşlarla işi düzgün qurmaq, onların bu prossesdə səmərəli fəaliyyətini təmin etmək çox önəmlidir. Vətəndaşların narazı olduqları məsələlərlə bağlı irad bildirmələrində, şəffaflıq, ədalətlilik, humaniz kimi vacib prinsiplərin qorunmasının təmin edilməsində biz də maraqlı və bu işə məsuliyyətli tərəfik. Münasibətlərin aşkarlıq və etibarlılıq müstəvisində qurulması problemlərin çevik aradan qaldırlmasına şərait yaradır.

- Şikayətlərə baxıldıqdan sonra nə kimi addımlar atılır?

- Vətəndaşlar tam əmin ola bilərlər ki, anonim şikayətlər istisna olmaqla, bütün şikayətlərə baxılması qanunvericilikdə nəzərdə tutulan qaydalara əsaslanır.Yazılı müraciət edən vətəndaşların müraciətlərinə İdarə tərəfindən rəsmi məktubla cavab verilir.

- Məktəbəhazırlıq qrupları yaradılır. Bilirik ki, orada uşaqları psixoloji cəhətdən məktəbə hazırlamaq hədəf kimi götürülüb, ancaq əksər müəllimlər orada uşaqlara birinci sinifin tədris proqramını  keçir. Belə olarsa, birinci sinifdə uşaqların əlifbaya marağı azalmazmı?

- Dünya təcrübəsi və qabaqcıl təhsil institutları tərəfindən həyata keçirilən tədqiqatlar onu göstərir ki, uşaq nəinki məktəbəhazırlıq mərhələsini, eyni zamanda daha erkən yaş dövrünün proqramları əsasında müvafiq inkişaf yolunu keçməlidir. Məktəbəhazırlıq müəssisələrinin sayı və uşaq tutumu ölkədə bu yaşda olan uşaqlarıntəxminən 20%-ni təşkil edir. Bu baxımdan, məktəblərin nəzdində yaradılan məktəbəhazırlıq qruplarının təşkili məsələsi aktualdır və vacib əhəmiyyət kəsb edir. Bu tədris ilində BŞTİ-nin tabeliyində olan 135 məktəbdə Azərbaycan bölməsi üzrə 287 qrupda 3 497 uşaq, rus bölməsi üzrə 77 qrupda 915 uşaq təhsil alır. Ümumilikdə yaradılmış 364 qrupda təhsil alan uşaqların sayı 4 412 nəfərdir. Bu qruplarda uşaqlara yalnız məktəbəhazırlıq yaş dövrünün dövlət tərəfindən təsdiqlənən yeni proqramı - “Məktəbəhazırlıq üzrə standartlar və kurrikulum” əsasında məşğələlər keçirilir. 

Təbii ki, hazırlıq qrupunun proqramı birinci sinfin tədris proqramından fərqlidir. Təsdiq edilmiş proqramın vəzifəsi uşaqlara əlifbanı öyrətmək deyil, onların həyati bacarıqlara yiyələnməsini təmin etməkdir. Proqramın tələblərinə uyğun olaraq uşaqlarahərflər və səslər öyrədilir,uşağın şifahi nitqi üzərində işlənilir, ilkin hesab bacarıqları formalaşdırılır. Uşağın məktəbdən əvvəl hərfləri tanıyıb oxuması müsbət hal ola bilər, lakin hazırlıq qruplarının belə bir məqsədi yoxdur. Burada daha çox uşaqların məktəbə psixoloji hazırlığının təmin olunmasından söhbət gedir. Məktəbəhazırlıq qruplarında uşaqlara əlifbanın öyrədilməsi ilə bağlı narazılıqlara gəlincə, İdarəyə ümumiyyətlə bu xidmət növünün təşkili ilə əlaqədar və ya digər məzmunlu şikayət daxil olmayıb. Buna baxmayaraq, İdarə tərəfindən bu məsələyə ciddi nəzarət mexanizmləri hazırlanıb və bu səbəbdən məktəblərdə yaxın günlərdə monitorinqlər keçiriləcək.

- Əvvəllər müəllimlərin əksəriyyəti birinci sinfə uşaq toplamaq üçün evlərə gedirdilər. Hazırda bu ənənə qalıbmı?

- Düzdür, əvvəllər bəzi məktəblərdə bu ənənə yayılmışdı. Ənənənin kökü də elə məktəbin özü tərəfindən qoyulmuşdu. Yaxşı məktəblərin heç vaxt şagirdlə bağlı problemi olmayıb. Bu ənənə əsasən, maddi-texniki bazası zəif olan, təmirsiz, göstəriciləri aşağı olan məktəblərdə özünü qabarıq şəkildə biruzə verib. Valideynlər uşaqlarının hərtərəfli zəif məktəbdə təhsil almasını könüllü olaraq istəmədiklərindən ərazi məktəbləri bu vasitə ilə uşaqları təhsilə cəlb edirdilər. Hazırda həmin tendensiyanı müşahidə etmirik. Bunun səbəbi məktəblərin böyük əksəriyyətinin əlverişli təhsil imkanlarına malik olması,onlar haqqında məlumatın açıq olmasındadır. Bununla bərabər məktəblər haqqında sosial şəbəkələrdə ölkə vətəndaşlarının paylaşdığı fikirlər də əhalidə rəy formalaşdırır. Hazırki dövrdə valideynlərin və məktəblilərin məktəbin xarici görünüşündən tutmuş, orada gedən proseslərin video-görüntülərini yaymaq, şəkillərini paylaşmaq adi hal alıb. Təəssüf ki, son zamanlar sosial şəbəkələrdə müəllim peşəsinə kölgə salan, nüfuzunu aşağılayan video-görüntülərin yayıldığı hallara da rast gəlirik. Qüsursuz və nöqsansız cəmiyyətdə yaşamaq yəqin ki, hamının arzusudur, lakin belə faktlar təhsildə də öz əksini tapır. 

Müəllimin şagirdi təhsilinə məsuliyyətsiz yanaşmasına görə təhqir etməsinə biz də, cəmiyyətin hər bir nümayəndəsi kimi tənqidi mövqedən yanaşırıq. Lakin müəllim eyni məsələdə tənbeh edən mövqendədirsə, buna hamı təqdirəlayiq hal kimi yanaşır. “Elin gözü tərəzidir” deyirlər. Mən məktəbin öz fəaliyyətini daha səmərəli təşkil etməsi baxımından belə halların təsiredici effektini müsbət dəyərləndirirəm. Aşkarlıq və informasiya bolluğu olan cəmiyyət üçün burada qeyri-adi heç nə yoxdur. Əksinə, bu fakt məktəb rəhbərliyindəvə bütövlükdə orada çalışan kollektivin hər bir nümayəndəsində icra intizamı və məsuliyyət mədəniyyətini formalaşmaşdırır, məktəbin fəaliyyətindətəhsilin keyfiyyətinə yönəlmiş yaradıcılıq və təşəbbüskarlıq mühitinin qiymətləndirilməsieyni zamanda ictimai nəzarətə əsaslanır. Sadalanan faktlar sağlam rəqabətin yaradılmasına, bununla da keyfiyyətin yüksəldilməsinə təkan verən amillərdir. Odur ki, bu nöqteyi-nəzərdən səmərəli və uğurlu məktəblərdə nəinki şagird qıtlığı müşahidə olunmur, hətta əksinə, bəzi məktəblərdə şagird sıxlığı artıq ciddi problemlər yaradır.

- Elə məktəblər var ki, orada ibtidai və yuxarı sinif şagirdləri üçün ayrı korpuslar var. Bunun nə kimi üstünlüyü var?

- Dünya təcrübəsində məktəblərin təhsil səviyyələrinə görə ayrılıqda fəaliyyət göstərməsi geniş yayılıb. Bu modelin üstünlikləri haqqında çox fikir söyləmək olar. Ölkəmizdə ümumtəhsil pilləsinin ibtidai təhsil səviyyəsinin ayrıca fəaliyyət göstərdiyi məktəblər demək olar ki, yoxdur. Lakin məktəb binasının bir neçə korpusdan ibarət olduğu müəssisələrdə bu korpusların birində ibtidai siniflər yerləşdirilir. Bu növ yanaşmanın bəzi üstünlüklərinə nəzər yetirsək, görərik ki, kiçik yaşlı uşaqlar böyüklərlə müqayisədə fiziki və emosional cəhətdən daha aktivdirlər, monotonluqdan tez yorulub ruhdan düşürlər, əyanilikdə rəng və ölçünün onların qavramasına ciddi təsiri var, davranışlarında özlərini böyüklərə bənzətmək istəyi daha açıq ifadə olunur və s. Bu faktorlar ibtidai sinif şagirdlərinin təhsil mühitin tərtibatında rəng seçiminə, məzmunda məqsədlərdən asılı olaraq çevikliyin və stabilliyin təmin olunmasına, təhlükəsizliyə və sərbəst hərəkət imkanlarının yaradılmasına xüsusi həssaslıq və peşəkar mövqedən yanaşma tələb edir. Eyni zamanda, böyükləri təkrarlamaq meyli bəzən uşaqların pis vərdişlərə yiyələnməsi ilə də nəticələnir. Məktəb elə bir qarışıq mühitdir ki, burada müxtəlif təfəkkürlü, fərqli tərbiyə və dəyərlərə malik ailələrin uşaqları cəmləşir. Elə bu səbəbdən də fizioloji baxımdan uşaqların fərqli məkanda təhsil alma imkanı onların pis vərdişlərə yiyələnməsinin qarşısını almağa imkan verir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi