Yuxarı
    Bağlamaq

    Müəllimlərin rüşvət qarşılığında məktəbdə repetitor fəaliyyətinə icazə verilməsi halları aşkarlanıb

    Ombudsman: Məktəblərdə direktorlar valideyni övladını sinifdə saxlamaq hədəsi ilə qorxudur

    Ombudsman: "Məktəblərdə direktorlar valideyni övladını "sinifdə saxlamaq" hədəsi ilə qorxudur"

    Bakı. 26 fevral. REPORT.AZ/ "Təhlil və müşahidələr təhsilin inkişafına xidmət edən qanunvericilik aktlarının və yeni proqram sənədlərinin qəbul edilməsinə baxmayaraq, təhsilin keyfiyyətindəki bir sıra problemlər, eləcə də tədris prosesindəki nöqsanların hələ də qaldığını göstərir. Bu da haqlı narazılıqlara səbəb olur". "Report" xəbər verir ki, bu barədə Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (ombudsman) 2014-cü il üzrə illik hesabatında bildirilib.

    Hesabatda qeyd edilir ki, məktəbəqədər təhsil sisteminin müasir səviyyədə qurulması zəruridir: "Kənd rayonlarında, xüsusilə kənd yerlərində bir çox məktəbəqədər tərbiyə müəssisələrinin uyğunlaşdırılmış binalarda fəaliyyət göstərməsi, bir sıra belə müəssisələrin fəaliyyətinin tamamilə dayandırılması və bağlanması xüsusi narahatlıq yaradır".

    Müraciətlərdə müvafiq yaşayış ərazilərində uşaq bağçalarının olmaması, mövcud müəssisələrin uşaqların sayı baxımından təlabatı ödəməməsi, uşaq bağçalarına uşaqların qəbul edilməsi və ya bağçanın bəzi ehtiyacları üçün valideynlərdən pul tələb etməsi, bağçalara uşaq qəbulu üzrə növbəçilik prinsipinə əməl edilməməsi, mövcud uşaq bağçalarının bağlanılması kimi hallar öz əksini tapıb.

    İllik məruzədə deyilir ki, təhsil hüququ ilə bağlı ötən il 129 müraciət daxil olub. Bu müraciətlər üzrə aparılan araşdırmalar nəticəsində bir sıra nöqsanlar aşkar edilib, günahkar şəxslər cəzalandırılıb: "Təhlillər göstərir ki, pedaqoji kollektivdə qarşılıqlı qərəzli münasibətlər, müəllimlər arasında olan qeyri-sağlam mühit tədris prosesinə mənfi təsir göstərməklə yanaşı, tərbiyə işinin də düzgün qurulmasına maneçilik törədir. Araşdırmalar zamanı xüsusilə məktəb direktorlarının müəllimlərə qarşı münasibətdə ayrı-seçkiliyə yol verməsi, dərs bölgüsünün düzgün aparılmaması, rüşvət qarşılığında müəllimlərin məktəbdə repetitor kimi fəaliyyətinə icazə verilməsi kimi hallar müəyyən edilib.

    Bir sıra məktəblərdə direktorlar tərəfindən dərsə davamiyyəti, eləcə də bilik səviyyəsi zəif olan uşaqların istər pedaqoji şuranın, istərsə də valideynin "sinifdə saxlamaq" hədəsi altında məcbur edilməsi yolu ilə şəxsi ərizəyə əsasən məktəbdən xaric edilməsi halları müşahidə olunub. Ali təhsilin təmin edilməsi ilə bağlı müraciətlərdə diplomu və diploma əlavənin verilməsi zamanı pul tələb edilməsi, diplomların verilməsində, eləcə də xarici ölkələrdə təhsil alan şəxslərin diplomlarının tanınması üzrə prosedurun həyata keçirilməsində süründürməçiliyə yol verilməsi, bir ali təhsil müəssisəsindən digərinə köçürməyə, eyni zamanda, təhsil haqqından azad edilməyə kömək göstərilməsi kimi hallar öz əksini tapıb". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi