Yuxarı

Bakıda müddətsiz müqavilə ilə işləyən müəllimlərin yerdəyişməsi ilə bağlı müsabiqə elan edilib

Yerdəyişmə üçün müraciət edən müəllim təqdim olunmuş vakant yerlərdən ən çoxu 3 yer seçə bilər

Bakı. 3 may. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki ümumi təhsil məktəblərində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi ilə bağlı müsabiqə elan edir.

"Report" idarəyə istinadən xəbər verir ki, müsabiqə 3 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) ibarətdir.

Müsabiqədə iştirak etmək istəyən müəllimlər mayın 3-dən 10-a kimi www.miq.edu.az/baku/ internet ünvanı vasitəsilə elektron qaydada müvafiq ərizə formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, yerdəyişmə üçün müraciət edən müəllim təqdim olunmuş vakant yerlərdən ən çoxu 3 yer seçə bilər.

Elektron qaydada müvafiq ərizə formasını doldurmaqla qeydiyyatdan keçən şəxslər ən geci 3 (üç) iş günü ərzində aşağıdakı sənədləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim etməlidirlər (sənədlərin təqdim edilməsi üçün son tarix 12.05.2016-cı ildir):

1. İşlədiyi məktəbdə daimi əsaslarla müəllim vəzifəsinə işə qəbul olunması haqqında əmrdən çıxarış (məktəbin möhürü ilə təsdiq edilməlidir).

2. Hazırda işlədiyi məktəb direktorunun müəllimin iş yerinin dəyişməsi ilə bağlı razılıq məktubu (nümunə əlavə olunur).

3. Əmək kitabçasının surəti (məktəbin möhürü ilə təsdiq edilməlidir).

4. Şəxsiyyət vəsiqəsinin surəti.

5. Təhsil haqqında sənədin (diplomun) surəti.

Müsabiqədə iştirak etmək üçün müraciət edən və ərizələrin elektron qaydada qeydiyyata alınmasında çətinlik çəkən şəxslərə köməklik göstərilməsi və qeydiyyatdan keçmiş şəxslər tərəfindən təqdim edilən yuxarıda göstərilən sənədlərin qəbul edilməsi məqsədilə 03.05.2016 – 12.05.2016-cı il tarixlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin inzibati binasında qəbul məntəqəsi (I-V günlər saat: 09:00 – 18:00, şənbə günü saat: 10:00 – 15:00) fəaliyyət göstərəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi