Yuxarı

Monitorinqə cəlb edilmiş xəbər saytlarının adları və saytların ən çox hansı səhvlərə yol verdiyi açıqlanıb

Saytlarda korrektorlar işləməlidir

Bakı. 13 mart. REPORT.AZ/ AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Saytların dil mənzərəsi" mövzusunda mətbuat konfransı keçirilib. "Report"un xəbərinə görə, mətbuat konfransında elan olunub ki, institutunun Azərbaycanın xəbər saytları ilə bağlı apardığı monitorinq başa çatıb.

Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi, saytlarla bağlı monitorinq qrupunun rəhbəri Nəzakət Qaziyeva çıxış edərək bildirib ki, monitorinqin aparılmasında əsas məqsəd elektron mətbuatda Azərbaycan ədəbi dilinin normalarına əməl olunmasının və kütləvi informasiya vasitələri sahəsində çalışan mütəxəssislərin dil hazırlıqlarının yüksəldilməsinin təmin edilməsidir. Monitorinqə cəlb olunan saytlar bunlardır: report.az, qafqazinfo.az, trend.az, publika.az, milli.az, apa.az, day.az, kulis.az, lent.az, qaynar.info, xəbər.info.az.

N.Qaziyeva saytlarda yer alan xəbərlərdə yol verilən səhvləri də sadalayıb: "Funksional üslublarda struktur dəyişikliyi, yersiz alınmalardan istifadə, vulqar və kobud leksikadan istifadə, sosial proseslər və "elektron ünsiyyət"dən irəli gələn proses kimi dil normalarına bir çox hallarda əməl olunmaması, şifahi nitqin yazıya güclü təsiri, sözün istifadəsində dar mənanın işlənməsi, müasir dövrün nəbzini tutmaq baxımından "tələsik nitq" formasının işlənməsi".

İnstitutun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli isə bildirib ki, monitorinq zamanı 1000-ə yaxın informasiya qeydə alınıb: "500-ə yaxın səhv aşkar olunub. Ən əsas fonetik, qrammatik, leksik, üslubi normalara aid səhvlər araşdırılıb".

O əlavə edib ki, saytların monitorinqi dörd ay müddətində aparılıb. "Monitorinqə cəlb olunmuş saytları üç yerə bölmüşük. Ən bərbad halda olan saytların problemləri ondan ibarətdir ki, bir işçi bir neçə vəzifəni yerinə yetirir. Saytlarda korrektorlar işləməlidir", - Q.Məhərrəmli əlavə edib.

Tədbirdə informasiya agentliyi və saytlardan hansıların daha çox, yaxud daha az səhvə yol verdiyi açıqlanmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi