Yuxarı

Misir Mədəniyyət Mərkəzinin direktoru Mərkəzi Elmi Kitabxana ilə tanış olub

Müşavir iki qurum arasında əməkdaşlığın genişləndirməsi ilə bağlı bir sıra təkliflər irəli sürüb

Bakı. 19 mart. REPORT.AZ/ Misir Mədəniyyət Mərkəzinin direktoru Əhməd Sami əl-Aydi Mərkəzi Elmi Kitabxananın (MEK) qonağı olub. 

Mərkəzdən "Report"a verilən məlumata görə, görüşdə MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova kitabxananın fəaliyyət istiqamətləri barədə məlumat verib, ölkənin kitabxanaçılıq tarixində ən müasir proqram və sistemlərin ilk dəfə məhz bu kitabxanada tətbiq olunduğunu qonağın diqqətinə çatdırıb.

Görüşdən məmnunluğunu ifadə edən Əhməd Sami əl-Aydi ölkələrimiz arasındakı tarixi dostluq əlaqələrindən söz açıb. İxtisasca azərbaycanşünas olduğunu bildirən alim Azərbaycanda təhsil aldığı müddətdə xatirələrindən, eləcə də ölkəsi Misirin qədim sivilizasiyası, tarixi və mədəniyyəti haqqında danışıb. Qonaq ölkəsinin muzey və arxivlərində Azərbaycan haqqında kifayət qədər yazılı nümunələrin olduğunu bildirib. Bunu müsbət qiymətləndirən L.İmanova gələcəkdə “Milli Rəqəmsal Yaddaş” bazası üçün bu məlumatların əhəmiyyətli olduğunu və informasiya mübadiləsi üçün zəruriliyini vurğulayıb.

Sonra qonaq kitabxananın Nadir kitablar fondu ilə tanış olub. Fondun şöbə müdiri Gülarə Xələfova burada saxlanılan elmi və tarixi əhəmiyyətli nəşrlər, əlyazmalar, iri həcmli və miniatür kitablar haqqında məlumat verib. Qonaq həmçinin sərgi zalı və oxu zallarında olub. Şərq Ədəbiyyatı Fondu ilə də tanış olan alim fondun müdiri Aidə Hüseynova və fondun işçiləri ilə təcrübə mübadiləsi, birgə elm-mədəni tədbirlərin təşkili imkanlarını müzakirə edib.

Faydalı fikir mübadiləsi əsasında keçən görüşdə əməkdaşlıq perspektivlərindən danışılıb, gələcəkdə Misir Mədəniyyət Mərkəzi ilə kitabxana arasında əməkdaşlıq müqaviləsinin bağlanması və birgə tədbirlərin təşkili barədə təkliflər səsləndirilib.

Daha sonra qonaq Misir mədəniyyətini əks etdirən tablonu və ərəb dilində olan jurnalları elektron variantları ilə birgə kitabxanaya hədiyyə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi